...

Avropa İttifaqı Rusiya, Belarus və Ukrayna ilə sərhəddə yerləşən şərq bölgələrinə göstərilən dəstəyi gücləndirir

Dünya xəbərləri Materials 18 Fevral 2026 23:55 (UTC +04:00)
Avropa İttifaqı Rusiya, Belarus və Ukrayna ilə sərhəddə yerləşən şərq bölgələrinə göstərilən dəstəyi gücləndirir

Bakı. Trend:

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) Rusiya, Belarus və Ukrayna ilə sərhəddə yerləşən şərq regionlarına dəstəyi artırmaq üçün genişmiqyaslı strategiya qəbul edib.

Trend xəbər verir ki, komissiyanın məlumatında bu addımın Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda həm Aİ həmrəyliyinin ifadəsi, həm də Avropanın təhlükəsizliyi, rəqabət qabiliyyəti və gələcək sabitliyi üçün strateji investisiya olduğu bildirilib.

Strategiya xüsusilə doqquz üzv ölkənin – Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanın sərhədyanı bölgələrini əhatə edir. Komissiya həmin regionların son illərdə hibrid hücumlar, miqrasiyanın təzyiq alətinə çevrilməsi, iqtisadi və ticarət əlaqələrinin pozulması, eləcə də demoqrafik azalmanın yaratdığı problemlərlə daha çox üzləşdiyini qeyd edib.

Aİ müharibənin əvvəlindən etibarən şərq regionlarına siyasi, texniki və maliyyə dəstəyi göstərib. Lakin müharibə uzandıqca bu bölgələrdə təhlükəsizlik və iqtisadi şərait daha da pisləşdiyi üçün əlavə dəstək göstərilməsi zərurəti yaranır.

Yeni sənəddə beş əsas istiqamət – təhlükəsizlik və dayanıqlılıq, artım və regional rifah, yerli üstünlüklərin gücləndirilməsi, bağlantılar və insan amili üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə təhlükəsizlik və dayanıqlılığın gücləndirilməsi üçün yeni müdafiə təşəbbüslərinin və sərhədyanı əməkdaşlıq mexanizmlərinin inkişafı, regionların iqtisadi artımının dəstəklənməsi üçün maliyyəyə çıxışın genişləndirilməsi, “EastInvest” mexanizmi ilə kredit-məsləhət imkanlarının artırılması, nəqliyyat və rəqəmsal şəbəkələrin müasirləşdirilməsi, təhsil-məşğulluq proqramlarının gücləndirilməsi, media dayanıqlılığı və dezinformasiyaya qarşı tədbirlərin artırılması və s. daxildir.

Komissiya irəliləyişin izlənməsi üçün hər il yüksək səviyyəli siyasi dialoq başlatmağı planlaşdırır. Bu formatda ilk tədbir fevralın 26-da keçiriləcək və “EastInvest” mexanizminin işə salınmasına dair bəyannamə imzalanacaq.

Xəbər lenti

Xəbər lenti