Bakı. Trend:
Böyük Britaniyada inflyasiya 3 faizədək azalaraq ötən ilin mart ayından bəri ən aşağı səviyyəyə enib.
Trend “The Independent”ə istinadla xəbər verir ki, bu göstərici ölkədə faiz dərəcələrinin yaxın aylarda azaldıla biləcəyi ilə bağlı ümidləri artırıb.
İstehlak Qiymətləri İndeksi üzrə məlumatlar Milli Statistika İdarəsi tərəfindən açıqlanıb. Belə ki, inflyasiya dekabr ayında gözlənilmədən 3,4 faizə yüksəlmişdi. Son rəqəmlər isə ötən ilin sonlarında müşahidə olunan tədricən azalma tendensiyasının yenidən bərpa olunduğunu göstərir.
Analitiklərin proqnozlarına əsasən, inflyasiya göstəricisi aprel ayına qədər hökumətin müəyyən etdiyi 2 faizlik hədəfə çata bilər. Bu həftə açıqlanan işsizliyin artması, əməkhaqqı artım tempinin zəifləməsi və iqtisadi fəallığın aşağı səviyyədə qalması fonunda inflyasiyanın azalması İngiltərə Bankının martın 19-da keçiriləcək Pul Siyasəti Komitəsinin iclasında faiz dərəcələrini endirməsinə təkan verə bilər.
Qeyd edək ki, inflyasiya 2022-ci ilin oktyabrında 11 faizi ötmüşdü. Son bir ildə göstərici daha idarəolunan həddə qayıtsa da, azalma tempi biznes və əhali üçün arzuolunandan daha yavaş olub və bu səbəbdən faiz dərəcələri uzun müddət yüksək səviyyədə saxlanılıb.
Ötən il yüksək inflyasiyanın əsas səbəblərindən biri olan ərzaq qiymətlərində də artım tempinin zəifləyəcəyi gözlənilir.