Bakı. Trend:
İsrailin təhlükəsizlik xidmətləri ABŞ-nin İrana mümkün zərbəsi ilə əlaqədar ən yüksək müdafiə hazırlığı rejiminə keçirilib.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
İsrail rəsmiləri hesab edirlər ki, əgər Tehran fevralın 17-də Cenevrədə ölkələr arasında keçirilən danışıqlarda Vaşinqtonun irəli sürdüyü tələbləri vaxtında yerinə yetirməzsə, ABŞ İrana qarşı genişmiqyaslı zərbə endirə bilər.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin İrana hücumu baş verəcəyi təqdirdə Tehranın İsrail dövlətinə qarşı hücumlarını qaçılmaz hesab edir.
Qeyd edək ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci raundu keçirilib. İran xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, tərəflər bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmaya nail olublar və bu razılaşmalar gələcək nüvə proqramı üzrə saziş layihəsinə daxil edilə bilər.
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bildirib ki, danışıqlar bir sıra aspektlər üzrə yaxşı keçib, lakin Tehran hələlik Ağ Evdə müəyyən edilmiş bəzi prinsipial mövqeləri qəbul etməyə hazır deyil. Danışıqların növbəti raundunun vaxtı və yeri açıqlanmır.
