Bakı. Trend:
Böyük Britaniya həbsxanalarında xərçəng riskini artıra bilən radon qazının təhlükəli konsentrasiyası qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Məlumata görə, İngiltərənin 16 həbsxanasında radioaktiv qazın təhlükəli səviyyəsi aşkar edilib. Hökumət radon konsentrasiyasının icazə verilən normadan yüksək olduğunu etiraf edib.
Bəzi cəzaçəkmə müəssisələrində qazın səviyyəsinin normanı doqquz dəfə üstələdiyi bildirilir. İki həbsxananın məhkumları artıq müəssisə rəhbərliyinə qarşı iddia qaldırılması üçün vəkillərə müraciət ediblər.
İşlə məşğul olan hüquqşünasların sözlərinə görə, məhkumlardan xırıltı, yorğunluq və qanlı öskürək kimi şikayətlər daxil olub.
Vəkillər həmçinin qeyd ediblər ki, bəzi həbsxanalarda məhkumlara radonla bağlı monitorinq aparıldığı bildirilsə də, fövqəladə vəziyyət barədə ətraflı məlumat verilməyib.
