Gürcüstan hakimiyyəti Kodor əhalisini silahlı quldurlardan maksimal dərəcədə aralı durmağa çağırıb. Bu barədə Gürcüstan prezidenti administrasiyasının rəhbəri Giorgi Arveladze brifinqdə bildirib.
"Quldurların ayaqları altındakı torpaq od tutacaq və bu zaman mülki vətəndaşlarla quldurlara fərq qoymaq çətin olacaq. Qoy yerli əhali quldurların toplaşdığı yerlərdən uzaq dursun" - deyə o vurğulayıb. G.Arveladze cinayətkarları silahlarını atmağa çağırıb və əks halda onların məhv ediləcəyini bəyan edib.
"Bizim vəzifəmiz Kodor dərəsini quldurlardan azad etməkdir və biz yerli əhalini cinayətkarlardan qurtarmaq niyyətindəyik" - deyə o əlavə edib.
Trend "Kavkaz-press"a istinadən xəbər verir ki, G.Arveladzenin sözlərinə görə, dünənki əməliyyat zamanı ilk atəşi quldurlar açıb ki, nəticədə 4 polis əməkdaşı yaralanıb.
Münaqişə zonasında silahın sayı ilə bağlı əldə olunmuş razılığa gəldikdə, G.Arveladze deyib ki, heç bir saziş pozulmur. "Terrorçularla isə heç bir danışıq aparılmayacaq" - deyə o qeyd edib.