Gürcüstanın xalq müdafiəçisi Sozar Subari hesab edir ki, milli azlıqların kompakt yaşadığı bölgələrdə gürcü telekanallarının yayımlanmasının keyfiyyəti artırılmalıdır. Onun fikrincə, bunun üçün hökümət müvafiq maddi bazanı artırmalıdır. Bu barədə Subarinin "2006-cı ilin birinci yarısında Gürcüstanda insanın hüquq və azadlıqlarının mühafizəsi ilə əsasnamə haqqında" hesabatında qeyd olunub.
Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, hesabat noyabr ayında parlamentdə nəzərdən keçiriləcək. Hesabatda qeyd olunub ki, Kvemo Kartli və Semtsxe-Cavaxeti bölgələrində teleyayım böyük maneələrlə həyata keçirilir. Yaxşı yayımın olması üçün yalnız peyk antenaları lazımdır, buna isə əhalinin çox az hissəsinin imkanı çatır.
Buna görə, həmin bölgələrdəki əhali Gürcüstanda və bütün dünyada baş verən hadisələr haqqında məlumat almaq imkanından məhrumdurlar. Xalq müdafiəçisinin fikrincə, bu, əhalinin gürcü cəmiyyətinə inteqrasiyası sahəsində məlumat və mədəniyyət boşluğu, ciddi maneələr yaradır.