Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elmir Murad/
Muzey Mərkəzində II Bakı Beynəlxalq Memarlıq Mükafatı Müsabiqəsinin və müsabiqəyə təqdim olunmuş işlərin sərgisinin açılış mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə nazirlik və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə reallaşıb.
Yeddi nominasiya üzrə keçirilən müsabiqənin məqsədi memarlığın inkişafı üçün yeni ideyaları aşkara çıxarmaq, bina və tikililərin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllərinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktiki olaraq gerçəkləşməsi üçün ideya və layihələrin müxtəlifliyinə nail olmaqdır.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Ə.Qarayev müsabiqənin əhəmiyyətindən danışıb, Azərbaycanın qədim və zəngin memarlıq ənənələrinin olduğunu vurğulayıb: "İkinci dəfədir ki, Bakı Beynəlxalq Memarlıq Mükafatı Müsabiqəsinə ev sahibliyi edir. Artıq demək olar ki, bu müsabiqənin ənənələri də formalaşıb. Bu dəfə müsabiqəyə 37 ölkədən 250-yə qədər layihə təqdim olunub. Azərbaycan xalqı əsrlər boyu özünün memarlıq məktəblərini yaratmış, qədim dövrlərdən bu günümüzə qədər gəlib çatan minlərlə memarlıq abidələrini yadigar qoymuşdur. Son dövrlər ölkəmizin, xüsusən də paytaxt Bakının simasını dəyişən, onun yeni rəmzlərinə çevrilən binalar inşa olunub. Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Xalça Muzeyi və digər belə memarlıq abidələrini nümunə göstərmək olar".
Nazir son illər Bakıda sovet dövründə tikilmiş binaların yeniləndiyini və onların memarlıq baxımından daha gözəl görkəm qazandığını vurğulayıb.
Ə.Qarayev Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində minlərlə tarixi abidəmizin dağıdıldığını, qalanlarının da taleyinin naməlum olduğunu diqqətə çatdırıb: "İşğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrimizlə bağlı məsələ bizi narahat edir. Hər dəfə bu məsələni UNESCO səviyyəsində qaldırırıq. Azərbaycanda tarixi abidələrin qorunması ilə bağlı Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı fərmana əsasən xüsusi qurum - Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Bu xidmət Azərbaycanın bütün regionlarında vəziyyəti təhlil edir. Bərpa olunacaq abidələrlə bağlı layihələr hazırlanmaqdadır. İşğal altındakı torpaqlarımızda olan abidələr isə təəssüf ki, dağıdılır. Hətta bəzən Azərbaycan memarlığına aid tarixi abidələrimizin mənimsənilməsi, işğalçı ölkənin memarlıq məktəbinə şamil edilməsi kimi prosesləri də görürük. Bu məsələdə bütün ictimaiyyət, o cümlədən, memarlar, tarixçilər də öz haqq səsini qaldırmalıdır".
Sonra çıxış edən Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner Azərbaycanın zəngin memarlıq ənənələri olduğunu, həmçinin bu ənənələrin müasir memarlıq üslubu ilə vəhdət təşkil edərək bu gün də yüksək səviyyədə inkişaf etdiyini bildirib.