Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin deputatları Ukraynada prezident seçkiləri ilə bağlı təkrar səsvermə prosesini də müşahidə edəcəklər.
"Qənirə Paşayeva ilə mən Ukraynada fevralın 7-də keçiriləcək prezident seçkilərinin təkrar səsvermə prosesini izləmək üçün fevralın 3-də bu ölkəyə gedəcəyik", - çərşənbə axşamı Trend -a millət vəkili Sabir Hacıyev bildirib.
Onun sözlərinə görə, MDB Parlament Assambleyasının tərkibində olan deputatlar Nizami İsgəndərov və Rüfət Quliyev də ikinci turda keçiriləcək səsvermənin gedişini müşahidə edəcəklər. "İlk turda səsvermə prosesini Kiyev şəhərində izləmişdik. Təkrar səsvermə prosesini harada izləyəcəyimiz isə hələ ki, dəqiqləşdirilməyib", - millət vəkili əlavə edib.
Yanvarın 17-də Ukraynada keçirilən prezident seçkilərinin ilk turunda 18 namizəd iştirak edib. İlkin turun nəticələrinə görə, müxalifəti təmsil edən Regionlar Partiyasının lideri Viktor Yanukoviç hamıdan çox - 36,86 faiz səs toplayıb. İkinci yeri isə hazırkı Baş nazir Yuliya Timoşenko tutub. O, ilkin səslərin 24 fazidən çoxunu qazanıb.
Fevralın 7-də keçiriləcək ikinci turda Yanukoviçlə Timoşenko mübarizə aparacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]