...

Azay Quliyev Xocalı soyqırımı ilə bağlı ATƏT PA-da səsləndi

Siyasət Materials 26 Fevral 2016 23:10 (UTC +04:00)
Bu gün Xocalı soyqırımının 24-cü ildönümü tamam olur. Bizim vicdanımız və siyasi məsuliyyətimiz insanlıq tarixinin ən dəhşətli kütləvi terroru və barbar aktlarından biri olan bu amansız və vəhşicəsinə törədilmiş soyqırımı unutmamağa vadar edir
Azay Quliyev Xocalı soyqırımı ilə bağlı ATƏT PA-da səsləndi

Bakı. Trend:

"Bu gün Xocalı soyqırımının 24-cü ildönümü tamam olur. Bizim vicdanımız və siyasi məsuliyyətimiz insanlıq tarixinin ən dəhşətli kütləvi terroru və barbar aktlarından biri olan bu amansız və vəhşicəsinə törədilmiş soyqırımı unutmamağa vadar edir".

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasında çıxışı zamanı deyib.

A.Quliyev daha sonra bildirib: "Həmin gün həyatlarını faciəli şəkildə itirən dinc azərbaycanlıların xatirəsini anmaq üçün mənə qoşulmağınızı xahiş edirəm.

Suriyada davam edən böhran, bütün Orta Şərqdə və Şimali Afrikadakı siyasi-hərbi qeyri-stabillik ATƏT regionu üçün ciddi təhlükəsizlik probleminə çevrilib.

Ölkələrin daxili işlərinə xarici müdaxilələr, məhdud siyasi maraqlar üçün etnik və dini fərliliyin manipulyasiyaları həm həmin ölkələrdə və həm də ATƏT ərazisində faciəli nəticələrlə yekunlaşdı. Dövlət institutları, sosial-iqtisadi strukturlar tamamilə məhv oldu, bütün region İslamı barbar məqsədləri üçün istismar və manipulyasiya edən İŞİD kimi terrorist təşkilatları yetişdirən məkana çevrildi".

A.Quliyev qeyd edib ki, hazırda yüz minlərlə insan həyatda qalmaq üçün Avropaya üz tutur: "Yaxın Şərqdən Avropa istiqamətində yol boyunca qadınlar və uşaqlar daxil olmaqla günahsız insanların ölüm səhnələrini görmək olduqda sarsıdıcıdır. Təəssüflər olsun ki, bəzi hallarda qaçqınlar dözümsüzlük, irqçilik və ayrı seçkiliklə üzləşirlər. Bu da öz növbəsində radikal və ekstremist qrupların maraqlarına xidmət edir.

Mən şəxsi təcrübəmdən kütləvi köçkün problemləri ilə məşğul olmağın,xüsusilə də müharibə zamanında nə qədər çətin olduğunu bilirəm. 20 ildən artıqdır ki, mənim ölkəm Azərbaycan etnik təmizləmədən əziyyət çəkən ölkələrdən biridir. Bizim ən sadə insan haqlarından belə məhrum edilmiş 1,2 milyon qaçqın və məcburi köçkünümüz var. Onlar hələ də təhlükəsiz və ləyaqətli şəkildə öz doğma evlərinə qayıtmaları üçün şərait yaradacaq münaqişənin həllini gözləyirlər.

Məcburi miqrasiya yalnız bizim təxirəsalınmaz, birgə və iradəli cəhdlərimiz sayəsində öz həllini tapa bilər. Biz ritoriklərdən uzaq durmalı və qurbanlara rəğbətlə yanaşmalıyıq. İndi problemlərin köklü səbəblərinə həll etməyin əsl vaxtıdır. Silahlı münaqişələr problemin mərkəzində dayanır və biz davamlı həlli tapmaq üçün cəhdlərimizi ikiqat artırmalıyıq. Bu cəhdlər münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətinə və köçkün düşmüş əhalinin öz doğma yurdlarına qayıtmaları üçün normal şəraitin yaradılmasına yönəlməlidir. Bu, yeganə davamlı həll yoludur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti