...

Baş nazir: Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir

Siyasət Materials 22 Aprel 2016 17:34 (UTC +04:00)
Aprelin 21-də Azərbaycanın Baş naziri Artur Rasi-zadə İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılığı ilə nümayəndə heyətini qəbul edib.
Baş nazir: Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir

Bakı. Trend:

Aprelin 21-də Azərbaycanın Baş naziri Artur Rasi-zadə İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılığı ilə nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Dostluq" Ordeni ilə təltif olunması münasibətilə Mahmud Vaezini təbrik edən Baş nazir Artur Rasi-zadə Azərbaycan və İran arasında son zamanlar iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayaraq bildirdi ki, kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Səmimilik şəraitində keçən qəbulda iki qonşu ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi xatırlanaraq qeyd olundu ki, bu baxımdan Azərbaycan Prezidentinin İrana sonuncu səfəri çərçivəsində imzalanmış Hökumətlərarası Sazişə və Azərbaycan-İran dövlət sərhədində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq aprelin 20-də Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisinin təməlqoyma mərasimi xüsusi tarixi məna daşıyır.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi kimi həmin dəmir yolu körpüsünün inşası ölkələrimizin tranzit potensialının artımına, böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan açacaqdır ki, bu da əlavə gəlirlərin əldə olunması və yeni iş yerlərinin yaradılması üçün böyük əhəmiyyət kəsb edir.

Söhbət zamanı beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional münaqişələr mövzusuna toxunan tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha bildirdilər.

Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunan görüşdə bəzi digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti