...

GUAM Parlament Assambleyasına sədrlik Azərbaycan tərəfinə verilib

Siyasət Materials 17 Oktyabr 2006 11:29 (UTC +04:00)

GUAM Parlament Assambleyasına (PA) sədrlik Azərbaycan tərəfinə verilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov GUAM PA-nın oktyabrın 14-də Kişinyovda keçirilmiş 3-cü iclasının yekunları ilə bağlı məlumat verərkən bildirib.

A.Nəsirov qeyd edib ki, öncə GUAM Parlament Assambleyası bürosunun geniş iclası keçirilib: "Büro iclasının gündəliyinə bir sıra məsələlər salınmışdır ki, onların müzakirə edilərək qəbul olunması GUAM Parlament Assambleyasının gələcək fəaliyyəti üçün də mühüm əhəmiyyət kəsb edirdi. Büro iclasının gündəliyi təsdiq edildikdən sonra bir sıra təşkilati məsələlərə baxıldı. Bunlara ilk növbədə GUAM Parlament Assambleyasına sədrliyin prosedur qaydalarına uyğun olaraq dəyişməsi məsələsi daxil idi. Növbəti məsələlər isə 2006-2007-ci illər üçün GUAM Parlament Assambleyası komitələrinin yeni tərkibinin təsdiq olunması, bu komitələrin növbəti iclaslarının yerinin və vaxtının, eləcə də GUAM ölkələri Parlament Assambleyasının növbəti 4-cü iclasının harada və nə vaxt keçiriləcəyi ilə bağlı idi".

A.Nəsirov bildirib ki, müvafiq qaydaya uyğun olaraq, Parlament Assableyasına sədrlik Azərbaycan tərəfinə verildi: "Bu münasibətlə Moldova Parlamentinin sədri Marian Lupu Milli Məclisin sədri Oqtay Əsədovu təbrik edib".

Xatırladırıq ki, GUAM PA-nın 3-cü iclasında deputatlardan Elton Məmmədov, Elman Məmmədov, Rüfət Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edib.

Xəbər lenti

Xəbər lenti