Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun deputatları Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) fəalları ilə görüşüblər. Trend-in məlumatına görə, bu barədə Birliyin mətbuat xidmətinin baza ertəsi yaydığı məlumatda bildirilir.
Görüş zamanı Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına inteqrasiya mexanizmi, Ukrayna və Azərbaycan gənclərinin Azərbaycanda birgə layihələr həyata keçirmələri məsələləri geniş müzakirə olunub.
Birliyin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təşkilatın Gənclər Mərkəzi ilə təmin olunmasını Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin inkişafına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirərək, Azərbaycanın Ukraynadakı səfirliyinin UAGB-yə maddi və mənəvi dəstək verdiyini qeyd edib.
Birliyin tək Azərbaycan deyil, o cümlədən, Ukraynanın sosial, mədəni həyatı ilə bağlı çoxsaylı tədbirlər həyata keçirdiyini bildirən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli dekabrın 1-də Kiyev şəhərində keçirilən Ukraynada yaşayan azərbaycanlı gənclərin 2-ci forumunun nəticələrindən danışıb.
Görüş zamanı millət vəkilləri Eldar İbrahimov, Mirələm Hüseynov, Rüfət Quliyev, İqbal Məmmədov və Elmira Axundova Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin inkişafına və onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya olunmalarına xüsusi diqqət ayırdığını bildiriblər.
Milli məclisin üzvləri ermənilərin əsrlər boyu ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin həyata keçirdikləri tədbirlərlə yüksək qiymət verdiklərini deyiblər. Millət vəkili İqbal Məmmədov görüş zamanı Azərbaycan və Ukrayna gənclərinin gələn ilin yay aylarında Lerik rayonundakı "Relax" istirahət mərkəzində birgə dostluq görüşü keçirmələrini öz öhdəsinə götürüb.
Gənclərin mənəvi stimuluna çevrilən görüşdə Milli Məclisin deputat qrupu adından Azərbaycan gənclər mərkəzinə Prezident İlham Əliyev haqqında yazılmış kitab və xatirə hədiyyələri təqdim olunub. Sonra Azərbaycan Ukrayna parlamentlərarası dostluq qrupunun və Azərbaycan səfirliyinin nümayəndələri Zərifə Əliyevanın İrpen şəhərindəki akademik büstünü ziyarət edib, önünə tər çiçəklər qoymaqla görkəmli elm fədaisinin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Həmin şəhərdə fəaliyyət göstərən Zərifə Əliyeva muzeyinə gələn millət vəkilləri mərhum akademikin həyat fəaliyyətini özündə əks etdirən guşə ilə tanış olublar. Muzeyə Azərbaycan deputat qrupu adından kitab və xatirə hədiyyələri təqdim olunub.