...

Milli qəhrəmanlara və onların ailə üzvlərinə yeni güzəştlər təklif olunur

Cəmiyyət Materials 21 Mart 2013 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir M.Əliyev/

Sahibkarlıqla məşğul olan Milli qəhrəmanlara və onların ailə üzvlərinə güzəştlər tətbiq olunmalıdır. Bunu Trend-ə millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev bildirib.

O qeyd edib ki, təklif Azərbaycanda yeni hazırlanan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda öz əksini tapmalıdır.

Deputat qeyd edib ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə az sayda Milli Qəhrəman və ya onların ailə üzvləri məşğul olur və onlara heç bir güzəştlər edilmir.

"Biz cəmiyyətdə milli vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara olan qayğını artırmaq məqsədilə sahibkarlıqla fəaliyyət göstərən bu şəxslərə və ailələrinə güzəştlər tətbiq etməliyik", - Quliyev deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda hər zaman müstəqillik, suverenlik uğrunda mübarizə aparan insanlara və bu yolda şəhid olanların ailələrinə böyük qayğı göstərilir və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atıb: "Sahibkarlıq fəaliyyəti üçün güzəştlər də bu istiqamətdə görülən işlərə öz töhfəsini verə bilər".

Qeyd edək ki, ötən həftə Milli Məclisin İqtidadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi Azərbaycanda sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə mane olmamasına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti