Bakı. İlhamə İsabalayeva - Trend:
Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41 965 yer təqdim olunub.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu, ötən illə müqayisədə 7,21% çoxdur.
Onun sözlərinə görə, dövlət sifarişli yerlərin sayında bir az fərq var və ötən illə müqayisədə 497 yer artıb.
M.Abbaszadə qeyd edib ki, ötən il dövlət sifarişli yerlərin sayı 11 714 olmuşdusa, bu il yerlərin sayı 12 221-dir: “11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə isə bu il 6940 yer ayrılıb. Ötən il isə bu rəqəm 6 133 yer olub. Beləliklə, 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13% artıb. Ümumilikdə qəbul planına əsasən, 48 905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək”.
Direktorlar Şurasının sədri qeyd edib ki, qruplar üzrə də dövlət sifarişli yerlərdə artım var.
Onun sözlərinə görə, I qrupda dövlət sifarişli yerlərin sayı 5,9 % (300 yer), II qrupda 9% (2021 yer), III qrupda 3 yer (ötən ilki səviyyədə), IV qrupda 4,99% (62 yer) artıb.