...

Millət vəkili: Azərbaycanda əhalinin kredit üzrə biliyini artırmaq lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2015 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda əhalinin kredit müqavilələri sahəsində biliyini artırmaq lazımdır. Bu barədə Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisi kredit müqavilələrinin bağlanması məsələsinə ciddi yanaşmır: "Hazırda kreditlərlə bağlı əsas problem ondan ibarətdir ki, əhali müqavilənin bütün bəndlərinə, xüsusilə də kreditin qaytarılması ilə bağlı valyutanın qeyd olunduğu bəndə diqqət yetirmir. Bu da kimin haqlı, kimin haqsız olması ilə bağlı əlavə mübahisələrin yaranmasına səbəb olur. Bundan başqa, əhali çox vaxt düşünmür ki, kredit borclarını qaytarmaq lazımdır, özü də faizlə. Təbii ki, əhali ehtiyacı olduğu üçün kredit götürür, ancaq gəlirləri də nəzərə almaq lazımdır".

R.Quliyev qeyd edib ki, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi və yaxşılaşması ilə yanaşı, onun tələbləri də artır, amma Azərbaycanda bu gün bu tələblər əhalinin imkanlarını iki dəfə üstələyir.

Milli Məclisin deputatı həmçinin vurğulayıb ki, Azərbaycan Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərarında banklara maliyyə imkanları daxilində borcalanlara yardım etmələrini məsləhət görüb: "Bunun özü də hüquqlarını bilən borcalan üçün müsbət haldır. Bu gün hər bir bank özünün balans hesabatını dərc edir. Ağıllı borcalan bankın maliyyə hesabatını öyrənib Konstitusiya Məhkəməsinin qərarının "bankların maliyyə imkanları daxilində" bəndinə istinad edərək bankın ona yardım etmək iqtidarında olduğunu sübuta yetirə bilər. Bəzi bankların kreditlərin ödəniş müddətini artırmaq və faiz dərəcəsini aşağı salmaqla artıq əhaliyə güzəştə getdiyini bilirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti