...

Deputat: Azərbaycan 5-7 ildən sonra neftdən asılı olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2015 09:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Ənvər Məmmədov/

Dünya iqtisadiyyatında qeyri-sabit vəziyyət, bir bareli 50-65 dollar arasında qalmaqda davam edən neftin aşağı qiymətləri fonunda ilin əvvəlindən Azərbaycan iqtisadiyyatının inkişaf göstəriciləri kifayət qədər yaxşıdır. Bununla yanaşı, iqtisadi artım Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) proqnozlaşdırdığı göstəricidən 5,7 faiz çoxdur.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat hesab edir ki, qeyri-neft sektorunun yüksək artım tempinin davam etməsi əhəmiyyətli məsələdir: "Altı ay ərzində qeyri-neft sektorunun artım göstəricisi 9,2 faiz təşkil edib. Gələcəkdə bu tempin saxlanması 5-7 ildən sonra Azərbaycanın neftdən asılılığını tamamilə aradan qaldıracaq və dövlət büdcəsinə daxilolmalar əsasən qeyri-neft sektoru hesabına təmin ediləcək".

R.Quliyev fikrincə, ölkədə sənaye istehsalı həcminin 14 faiz, kənd təsərrüfatı sənayesinin 7,3 faiz artımı da diqqətəlayiqdir: "Qeyd etmək istərdim ki, sənayedə belə artım tempi nəinki qonşu ölkələrdə, bəzi inkişaf etmiş ölkələrdə də müşahidə edilmir".

Deputat hesab edir ki, hazırda Azərbaycan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan istifadə etməlidir: "Həcmi praktiki olaraq 2 dəfə artan bazarımız var və Azərbaycan kənd təsərrüfatı məhsullarını ixrac etmək üçün yaranan bu imkandan istifadə etməlidir. Bu gün Rusiya, həmçinin Qazaxıstan və Belarus bazarlarında yerimizi möhkəmlədə bilsək, Rusiya və Qərbin münasibətləri yaxşılaşandan, sanksiyalar ləğv olunandan sonra ixrac həcmimizi və bu ölkələrin bazarlarında payımızı saxlaya bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti