...

Ziyafət Əsgərov: Serj Sarkisyanın səsləndirdiyi fikirlər daxili auditoriyaya hesablanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2011 12:58 (UTC +04:00)
Serj Sarkisyanın Rusiya kanalına verdiyi müsahibə zamanı Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə səsləndirdiyi fikirlər daxili auditoriyaya hesablanıb.
Ziyafət Əsgərov: Serj Sarkisyanın səsləndirdiyi fikirlər daxili auditoriyaya hesablanıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ermənistan Prezidenti Serj Sarkisyanın Rusiya kanalına verdiyi müsahibə zamanı Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə səsləndirdiyi fikirlər daxili auditoriyaya hesablanıb. Bunu cümə günü Trend-ə açıqlamasında birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

"Ermənistan bu fikri ilk dəfə səsləndirməyib, həmişə deyib. Sarkisyan bunu əsasən daxili auditoriya üçün deyir. Amma özü də çox yaxşı bilir ki, danışıqlar prosesində artıq Dağlıq Qarabağın statusu, yəni onun Azərbaycanın tərkib hissəsi olması müzakirə obyekti deyil. Bu fakt Minsk qrupu tərəfindən də qəbul olunub", - Əsgərov əlavə edib.

Birinci vitse-spikerin sözlərinə görə, Ermənistan da Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edib.

"Sadəcə olaraq, status məsələsində onlar müəyyən ağlasığmaz təkliflər verirlər. Sözsüz, bizim də mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət statusu verilə bilər. Bu məsələdə bizim tərəfdən heç bir problem yoxdur. Problem onlar tərəfindəndir. Onlar Ermənistan cəmiyyətini bu kompromisə nə
vaxt və necə gətirəcək - bu, artıq onların öz işidir", - Əsgərov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti