...

Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə sülh yolu ilə həllinə sadiq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2011 11:12 (UTC +04:00)
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, eyni zamanda, İƏT-ə üzv ölkələrin dəstəyi beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Baş Assambleyasının və TŞ-nın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövqeyinin formalaşmasında mühüm rol oynayıb
Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə sülh yolu ilə həllinə sadiq qalır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, eyni zamanda, İƏT-ə üzv ölkələrin dəstəyi beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının (TŞ) Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövqeyinin formalaşmasında mühüm rol oynayıb. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində İƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı zamanı deyib.

"Azərbaycan hökuməti bu uzun sürən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT TŞ və İƏT qətnamələrinin yerinə yetirilməsi, eyni zamanda, ATƏT, AŞ və Avropa Parlamenti tərəfindən qəbul edilmiş müvafiq sənədlər və qərarlar əsasında sülh yolu ilə həllinə sadiq qalır", - Məmmədyarov deyib, məlumatı bazar ertəsi XİN-in mətbuat xidməti yayıb.

XİN rəhbəri bildirib ki, Azərbaycan bütün üzv ölkələri İslam dünyasında baş verən münaqişələrin həlli istiqamətində göstərilən səyləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq davam etdirməyə çağırır.

"Bizim Fələstindəki vəziyyətlə bağlı narahatlığımız davam edir. Azərbaycan qardaş Fələstin xalqına sülh və sabitliyə nail olunması, paytaxtı Şərqi Qüds olmaqla, suveren və müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində atdığı addımları dəstəklədiyini bir daha bəyan edir və Fələstinin BMT-nin tam hüquqlu üzv olmaq istəyini tam dəstəkləyir. Biz İƏT-in baş katibi və onun işçi heyətinin təşkilatın möhkəmləndirilməsi və Fələstin xalqına lazım olan yardımın təmin edilməsi istiqamətində gördükləri işi yüksək qiymətləndiririk", - nazir çıxışında deyib.

Məmmədyarov Azərbaycanın Somalidəki humanitar vəziyyətlə bağlı narahat olduğunu da deyib.

"Dəhşətli aclıq və quraqlığın ölkə ərazisinin böyük hissəsini əhatə etməsi nəticəsində on minlərlə insan həyatını itirib, yüz minlərlə Somali vətəndaşı kütləvi şəkildə qonşu ölkələrə köçüb. BMT-nin sonuncu hesabatlarına əsasən, 12 milyon insan hələ də böhran içərisindədir və 750 min insan ölüm riski ilə üz-üzədir. Bu, bəşəriyyətin son 100 ildə üzləşdiyi, presedenti olmayan bir faciədir və bütün ölkələr bu fəlakətin acı nəticələrinin aradan qaldırılması üçün tövhələr verir", - XİN rəhbəri bildirib.

Məmmədyarov qeyd edib ki, bununla əlaqədar olaraq, Somalidəki humanitar fəlakətin qarşısının alınması üçün zəruri olan yardımın təmin edilməsi istiqamətində İƏT-in və müsəlman ölkələrin potensialından tam istifadə edilməlidir.

"Azərbaycan bu qardaş ölkəyə artıq humanitar yardım göstərib. Son illərdə Azərbaycan bir sıra İƏT ölkələrinə humanitar yardım proqramları sahəsində həm İƏT, həm də BMT çərçivəsində aktiv iştirakını davam etdirib və biz bundan sonra da bu səylərimizi davam etdirəcəyik. Qlobal çağırışlar qlobal reaksiyaların verilməsini tələb edir. BMT bu çağırışlara reaksiya verilməsi üçün ən uyğun təşkilatdır. Bunun ən effektiv yolu BMT-nin öz mandatını yerinə yetirməsi, eyni zamanda, ənənəvi və yeni meydana gələn risk və təhlükələrin öhdəsindən gəlməsi üçün bu təşkilatda islahatlar apararaq, onu gücləndirməkdir", - nazir deyib.

Məmmədyarov çıxışında bildirib ki, BMT TŞ-də islahatlar aparılması bütün üzv ölkələri ciddi narahat edən bir məsələdir. İƏT-in BMT TŞ-də təmsil olunmaq və müsəlman ölkələrin maraqlarını müdafiə etmək üçün legitim tələb irəli sürməyə haqqı vardır. Biz TŞ-nin daha demokratik, effektiv, şəffaf və məsul bir quruma çevrilməsi üçün hərtərəfli islahatların aparılmasını dəstəkləyirik.

"Azərbaycan BMT Baş Assambleyasının 66-cı sessiyası zamanı keçiriləcək seçkilərdə 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürüb. İƏT-in TŞ-də təmsilçiliyinin olması zərurətindən çıxış edərək, üzv ölkələrin Azərbaycana davamlı dəstəyinə güvənirik", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti