Azərbaycan, Bakı, 30 aprel /Trend/
Bakıda I Avropa Oyunlarının keçirilməsi bu gün və gələcəkdə Azərbaycanın xarici siyasəti kontekstində ən çox müzakirə edilən mövzulardan biri olacaq. Bunu Trend-ə "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, ölkəni tənqid edənlərin tədbirin əhəmiyyətini kənara qoyaraq, bunu öz istədikləri kimi şərh etmələri təəssüf doğurur.
İ.Vəlizadə qeyd edib ki, bu işdə daha çox okeanın o tayındakı siyasi texnoloji mərkəzlərin köməyi ilə işləyən "mütəxəssislər" uğur qazanıblar: "Qarşıdakı Avropa Oyunları Azərbaycan əleyhinə siyasi spekulyasiyalar və təzyiq vasitəsinə çevrildi. Üstəlik, onlar qələmlərindən çıxan qarayaxma materiallarında təkcə Azərbaycana deyil, həm Avropa Olimpiya Komitəsinə, həm də Azərbaycan Milli Olimpiya Komitəsinin namizədliyinə səs vermiş Avropanın onlarla ölkəsinə kölgə salan təhqiredici epitetlər və yersiz müqayisələrə yer verməkdən çəkinməyəcəklər".
Politoloq bildirib: "Yalançı mütəxəssislər vəsaitlərin qeyri-şəffaf xərclənməsindən danışarkən bir məsələni nəzərdən qaçırırlar ki, Azərbaycan tərəfi xərclərin smetasından başlayaraq təntənəli tədbirlərin keçirilməsinədək hər şeyi Avropa Olimpiya Komitəsinin nümayəndələri və ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyaların rəhbərliyi ilə razılaşdırır".
İ.Vəlizadə əlavə edib ki, Oyunların bir sıra əsas obyektlərinin təməli Bakının yarışların keçiriləcəyi yer qismində müəyyən edilməsindən əvvəl atılıb: "Onların bir sıra parametrlər üzrə smeta dəyəri ümumiyyətlə xaricdəki analoji obyektlərin dəyərindən aşağıdır, üstəlik, keyfiyyət baxımından onlardan heç nə ilə geridə qalmır. Söhbət təkcə tikinti işlərinin dəyərindən deyil, həm də texniki avadanlığın qiymətindən gedir. Bir sıra yeniliklər isə ümumiyyətlə, dünyada ilk dəfə tətbiq ediləcək nou-hau xarakterlidir".
Onun sözlərinə görə, Azərbaycan əvvəlki olimpiadaların acınacaqlı təcrübəsini öyrənərək mövcud infrastrukturdan İslam Həmrəyliyi Oyunlarının və futbol üzrə Avropa çempionatının matçlarının keçiriləcəyi dövrdə istifadə etməyi nəzərdə tutur: "Avropa Oyunlarının tənqidçiləri bu faktı nəzərə almırlar. Onlar, həmçinin belə tədbirlərin ev sahibliyi edən ölkənin regionda və dünyada siyasi təsirinin artmasına və onun tanınmasına xidmət etməsinə etinasız yanaşırlar. Görünür, ölkənin beynəlxalq arenada güclənməsi Bakını güclü sahibin qarşısında yaltaqlanan köməksiz marionet kimi görmək istəyənlərin siyasətinə uyğun gəlmir. Bəlkə də "Washington Times"ın məqaləsində yer alan "ABŞ niyə Ukraynanı dəstəkləyir, amma Azərbaycanı yox" sualına cavabı məhz burada axtarmaq lazımdır".
Ekspert bildirib ki, Azərbaycanın özündə bu sualın cavabını yaxşı bilirlər: "ABŞ demokratiya haqqında danışıqların arxasında gizlənərək 90-cı illərin əvvəlində Azərbaycana qarşı məşhur 907-ci düzəlişi tətbiq etdi. Dövlət Departamentinin nümayəndələrinin və onlarla birgə çıxış edən yerli müxalifətin yadına salmaq lazımdır ki, bu düzəliş indiyədək Azərbaycan müxalifətinin atası-qurucusu hesab edilən Əbülfəz Elçibəyin hakimiyyətinə qarşı tətbiq edilmişdi. Üstəlik, bu düzəliş Azərbaycanın xaricdən daha çox köməyə ehtiyacı olduğu dövrdə, erməni işğalı nəticəsində böyük itkilər verəndə işə salınıb. Həmin vaxtdan etibarən çox şey dəyişib, lakin düzəliş hələ də qüvvədədir və ABŞ Dövlət Departamenti çox güman ki, onu ləğv etməyə tələsmir. Bunun əvəzində isə Avropa Oyunlarına qarşı qara piar kampaniyası arxasında pərdələnərək hakimiyyətin dəyişdirilməsi üçün müxtəlif planlar hazırlanır. Üstəlik, bunu vaxtilə 907-ci düzəlişin tətbiq edildiyi şəxslərin əli ilə etmək istəyirlər. O vaxt və indi də Dövlət Departamentinin rəhbərliyinin (maraqlıdır ki, onun indiki rəhbəri Con Kerri bu düzəlişin təşəbbüskarlarından biri idi) ermənilərə qarşı simpatiyası böyük rol oynadı. O vaxt və indi də Azərbaycan xalqının maraqları böyük siyasi oyunda xırda pul qismində çıxış edib. Həmişə ədalət, demokratiya idealları uğrunda kampaniya kimi başlayan oyunlar avantürist planların və əhalinin aldadılmış hissəsinin xəyallarının tam iflası ilə qurtarır".