Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Cəmilə Əliyeva/
Bakıda I Avropa Oyunlarının açılış mərasimi fövqəladə zərif şou oldu və hamını heyran etdi. Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillonun xanımı Elizabet Kutillo deyib.
O bildirib ki, şounun hər anı son dərəcə gözəl idi: "Musiqi, Azərbaycan xalçaları, "Qobustan" rəsmləri çox xoşuma gəldi. Bunların hamısı çox romantik idi və mərasimdə iştirak etmək imkanım olduğu üçün çox xoşbəxtəm".
E.Kupillo artıq iki ildir Azərbaycanda yaşadığını və bu müddət ərzində ölkəni sevməyə başladığını qeyd edib: "Azərbaycan çox gözəl və müasir ölkədir. Burada italiyalıları çox sevirlər, hər yerdə isti münasibətlə qarşılaşıram. Azərbaycan mətbəxini, xüsusilə qutab, plov və lülə kababınızı sevirəm".
Xanım həmçinin İtaliya və Azərbaycan xalqları arasında oxşar cəhətləri vurğulayıb: "Hər iki xalq ailə və dostluğu qiymətləndirir, hər ikimizin oxşar yumor hissi var. Musiqi və gözəl olan hər şeyə məhəbbətlə yanaşırıq. Çox duyğusal xalqlarıq".