Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Cəmilə Əliyeva/
"Bakıda I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm idi və Azərbaycan bu idman tədbirinin keçirilməsi üçün böyük işlər görüb".
Bu barədə Trend-ə İtaliyanın Şimal Liqası (Lega Nord) Partiyasının Beynəlxalq münasibətlər departamentinin rəhbəri Klaudio D'Amiko deyib.
İtalyan siyasətçi Bakıya hər səfərində paytaxtdakı dəyişikliklər gördüyünü qeyd edib: "Bakı daim böyüyür və inkişaf edir. Bu da paytaxt üçün çox mühüm məsələdir. Bundan başqa, Bakıya gələn əcnəbilərin də sayı daim artır".
İki ölkə arasındakı əlaqələrə münasibətini bildirən K.D'Amiko Azərbaycanın İtaliya üçün əhəmiyyətini qeyd edib: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Xüsusilə də İtaliya enerji resurslarını əsasən Azərbaycandan alır. Liviyadakı müharibədən sonra bu ölkədəki şirkətlərimiz çətin vəziyyətə düşdü. Ona görə də bizim üçün Azərbaycan kimi etibarlı və sabit ölkənin olması çox vacibdir".
Departament rəhbəri qeyd edib ki, Azərbaycan və İtaliya arasındakı əməkdaşlıq yalnız neft-qaz sahəsini deyil, digər sahələri də əhatə edir: "Ölkələrimiz sənaye və infrastruktur sahələrində əməkdaşlığı genişləndirə bilər".
K.D'Amikonun sözlərinə görə, İtaliya bu sahədə Azərbaycanın istənilən təklifinə maraqlıdır.