Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Hüseyn Vəliyev/
"I Avropa Oyunları Olimpiya səviyyəsində keçirilir. Heç bir ölkə Avropa Oyunlarını Azərbaycan kimi təşkil edə bilməz".
Bu barədə Trend-ə atıcılıq yarışlarında çıxış edən Bolqarıstan idmançısı Mariya Qrozdeva deyib.
İdmançı I Avropa Oyunlarının açılış mərasimində Bolqarıstan nümayəndə heyətinin bayraqdarı olduğunu bildirib: "Hər şey çox gözəl idi. İdmançıların təntənəli yürüşündə iştirak etdim və deyə bilərəm ki, hər şey Olimpiya Oyunlarına oxşayırdı. Tədbirin təşkilat məsələləri çox xoşuma gəlir. Bəlkə də növbəti Avropa Oyunları Azərbaycandakı kimi yüksək səviyyədə təşkil olunmayacaq".
M.Qrozdeva Azərbaycanda ilk dəfə olmadığını da deyib: "Ötən il Qəbələdə olmuşdum, indi isə Bakını gördüm. Şəhər çox xoşuma gəldi. Dənizkənarı bulvarda, İçərişəhərdə oldum. Buralar çox gözəldir".
Çıxışına münasibət bildirən idmançı yaxşı nəticələrə imza atmadığını dilə gətirib: "Təəssüflər olsun ki, yüksək nəticə göstərə bilmədim. Bununla belə, özümü göstərməyə şansım var. İyunun 19-u və 20-də atıcılıq üzrə yarışlarda mübarizəni davam etdirəcəyəm. Qələbəyə köklənmişəm və ümid edirəm ki, yaxşı nəticə göstərə biləcəyəm".