...

Kişi paracüdoçumuz Avropa Oyunlarının bürünc medalını qazana bilər (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 16:37 (UTC +04:00)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 16:01-də yayılıb)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışında təmsilçimiz yarımfinala vəsiqə əldə edə bilməyib.

Trend xəbər verir ki, gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında cəmi 7 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar.

Ölkəmizi kişilərin yarışında təmsil edən iki idmançıdan biri - Zakir Mislimov 1/4 final mərhələsində ukraynalı Oleksandr Pominov ilə üzləşib.

Bu görüşdə Ukrayna təmsilçisi ippon fəndi ilə vaxtından əvvəl tam qələbə qazanaraq yarımfinala çıxıb. Buna baxmayaraq, paracüdoçumuz Z.Mislimov yarışların bürünc medalını qazanmaq şansını hələ saxlayır. Zakir 3-cü yer uğrunda görüşə çıxmaq hüququnu əldə etmək üçün təsəlliverici görüşdə qalib gəlməlidir.

Digər təmsilçimiz, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qoşulacaq.

Xatırladaq ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, burada paralimpiyaçıların yarışı keçirilir. Cəmi bir gün keçirilən paralimpiyaçıların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edir. Onlardan biri qadınların, digər ikisi isə kişilərin yarışında mübarizə aparır. 57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında 1/4 final mərhələsində təmsilçimiz Səbinə Abdullayevanın ispaniyalı rəqibi Mariya Monik Merensiano Herreroya qalib gələrək yarımfinaa adlayıb.

Qeyd edək ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5-i - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) artıq mübarizəni erkən mərhələlərdə dayandırıb.

Ona görə də indi komandanın ümidi yalnız 3 paracüdoçuya qalıb.

X X X

Paracüdoçumuz Zakir Mislimov Avropa Oyunlarının bürünc medalı uğrunda görüşə çıxacaq.

Gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında təmsilçimiz Z.Mislimov bürünc medal uğrunda təsəlliverici görüşdə Fransa paracüdoçusu Jülyen Torineslə qarşılaşıb.

Zakir əvvəlcə rəqibinə yuko xalı ilə qiymətləndirən fənd tətbiq edib. Lakin daha sonra o, ipponla qiymətləndirilən fənd işlədərək vaxtından əvvəl tam qələbə qazanıb.

Bununla da paracüdoçumuz Avropa Oyunlarının bürünc medalı uğrunda döyüşmək hüququ əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti