Azərbaycan, Bakı, 3 iyul /Trend/
Bakı-2015 1-ci Avropa Oyunlarında Azərbaycanı təmsil edərək mükafatçılar sırasında yer alan idmançılar hər kəsə öz bacarığını, musiqi duyumu və istedadını nümayiş etdirməyə imkan yaradan "İFAM on the stage" ("Əgər mən səhnədə olsaydım") - xalq səhnəsinə çıxıblar.
Trend-in məlumatına görə, Fəvvarələr meydanında yerləşən səhnədə Azərbaycan xalqını salamlayan idmançılar mükafatçılar kürsüsündə qürurla Azərbaycan Respublikasının Dövlət himnini oxuyan zaman keçirdikləri hissləri bölüşüblər. Avropa Oyunlarının ilk qızıl medalçısı karate üzrə 60 kq çəki dərəcəsində mübarizə aparan Firdovsi Fərzəliyev, yunan-Roma güləşi üzrə 75 kq çəki dərəcəsində qızıl medala layiq görülən Elvin Mürsəliyev, karate kumite üzrə Avropa Oyunlarının qızıl medalçısı İrina Zaretska, sərbəst güləş üzrə bürünc medalın sahibi Həci Əliyev, taekvando üzrə qızıl medal sahibi Ayxan Tağızadə, taekvando üzrə gümüş medal sahibi Fəridə Əzizova, gimnastika üzrə gümüş medal sahibi Mariana Durunda, güləş üzrə gümüş medal sahibi Rafiq Hüseynov, karatenin kumite növündəki mübarizədə qızıl medal sahibi Ayxan Mamayev, yunan-Roma güləşi üzrə yarışlarda birinci yeri tutaraq qızıl medal qazanan Rəsul Çunayev səhnənin ətrafına toplaşanlarla birgə canlı olaraq Azərbaycan Respublikasının Dövlət himnini oxuyublar.
Xatırladaq ki, "İFAM on the stage" - Bakı-2015 1-ci Avropa Oyunları ərəfəsində hər kəsə öz bacarığını, musiqi duyumu və istedadını nümayiş etdirməyə imkan yaradan xalq səhnəsidir və "Dostlarla Oyunlara!" şüarı altında keçirilib. Burada Bakı-2015 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirən peşəkar ifaçılarla yanaşı, həvəskarlara da xalq qarşısında ifa etmək imkanı yaradılmışdı.