...

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransa regionlarında Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi və konsertlər keçiriləcək

Mədəniyyət Materials 16 Oktyabr 2012 17:12 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə oktyabrın 19-dan noyabrın 12-dək Fransanın müxtəlif regionlarında Azərbaycan mədəniyyəti və incəsənətinə həsr olunmuş sərgi və konsertlərin keçirilməsi nəzərdə tutulur. Silsilə tədbirlərin təşkili ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsinə, Azərbaycanın dünyada tanınmasına və xalqlararası anlaşmaya xidmət edir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransa regionlarında Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi və konsertlər keçiriləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Heydər Əliyev Fondunun dəstəyi ilə oktyabrın 19-dan noyabrın 12-dək Fransanın müxtəlif regionlarında Azərbaycan mədəniyyəti və incəsənətinə həsr olunmuş sərgi və konsertlərin keçirilməsi nəzərdə tutulur. Silsilə tədbirlərin təşkili ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsinə, Azərbaycanın dünyada tanınmasına və xalqlararası anlaşmaya xidmət edir.

Fonddan Trend-ə verilən məlumata görə, regional tədbirlər silsiləsi Fransanın Reims şəhərindən başlayacaq. İlk tədbir 19-22 oktyabr tarixlərində bu şəhərdəki "Tattinger House" adlanan tarixi binada və Reims Konservatoriyasında keçiriləcək. Daha sonra tədbirlərin Fransanın Chalons-en-Champagne, Niort, Cognac, Romarantin-Lanthenay şəhərlərində keçirilməsi və hər şəhərdə üç gün davam etməsi nəzərdə tutulur.

Xüsusi tərtibatla işlənib asılmış afişalar, yerli kütləvi informasiya vasitələrinin tədbirlə bağlı informasiyaları artıq şəhər ictimaiyyətini məlumatlandırıb. Yerli meriya nümayəndələrinin dəstəyi ilə keçiriləcək sərgilərdə fransızlar Azərbaycanın çoxəsrlik zəngin mədəni irsi, incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Sərgi ekspozisiyalarında Azərbaycan miniatürləri, qədim xalçalar, arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, milli musiqi alətləri, geyim və tikmələr, mis və keramik qablar nümayiş olunacaq.

Konsert proqramlarında Azərbaycan Dövlət Kamera Orkestrinin ifası, həmçinin klassik və milli musiqi ifaçılarının çıxışı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti