...

Jurnalistlər Gürcüstanda Azərbaycan ziyalılarının xatirəsini yad ediblər (FOTO)

Mədəniyyət Materials 28 Oktyabr 2012 16:09 (UTC +04:00)
Azərbaycanın bir qrup jurnalistinin təmsil olunduğu "Mətbuat qeyri-rəsmi" Qrupu 25-26 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində və azərbaycanlıların yaşadığı Borçalı mahalında olublar.
Jurnalistlər Gürcüstanda Azərbaycan ziyalılarının xatirəsini yad ediblər (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın bir qrup jurnalistinin təmsil olunduğu "Mətbuat qeyri-rəsmi" Qrupu 25-26 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində və azərbaycanlıların yaşadığı Borçalı mahalında olublar.

Trend-in məlumatına görə, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən səfərdə məqsəd azərbaycanlı jurnalistlərin Tbilisidə istirahətinin təşkili olub. Bununla yanaşı, jurnalistlər görüşlər də keçiriblər. Belə ki, soydaşlarımızın yaşadığı Marneuli şəhərində keçirilən tədbirdə bir sıra ziyalılar, o cümlədən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Gürcüstan parlamentinin deputatları Azər Süleymanov və Əli Məmmədov, "Gürcü arzusu" koalisiyasının fəalı Mahir Dərzili iştirak ediblər.

Yerli azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası, işsizlik, ümumilikdə əhalinin sosial problemləri, azərbaycanlıların məskunlaşdığı kəndlərə öz əvvəlki adlarının qaytarılması, nəinki Borçalıda, eləcə də Tbilisidə azərbaycanlılara məxsus müxtəlif mədəniyyət ocaqlarının vəziyyətinin qənaətbəxş olmaması, Gürcüstanda Azərbaycan dilli mətbuatın problemləri və b. tədbirdə müzakirə edilən əsas mövzulardan olub.

Qeyd olunub ki, hazırda Gürcüstandakı Azərbaycan məktəblərində kadr çatışmazlığı, həmçinin şagirdlərin Azərbaycan dilində dərsliklərlə təminatı kimi problemlər mövcuddur ki, bu da sözügedən məktəbləri gələcəkdə bağlanma təhlükəsi ilə üz-üzə qoyur.

Daha sonra jurnalislər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin regional meneceri Şövqi Mehdizadənin müşayiəti ilə ARDNŞ-nin bu ölkədə həyata keçiridiyi layihələrlə tanış olub, Fətəli xan Xoyski, Mirzə Şəfi Vazeh, Həsən bəy Ağayev və Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət edib, ARDNŞ-nin dəstəyi ilə təmir olunan M.F.Axundzadənin ev muzeyinə baş çəkiblər.

Gürcüstan səfərində Azərbaycanın bir sıra televiziya kanalları, informasiya agentlikləri və qəzetlərini təmsil edən 35 jurnalist iştirak edib.

Qeyd edək ki, "Mətbuat qeyri-rəsmi" Qrupunun əsası media nümayəndələrinin istirahətinin təşkili məqsədilə qoyulub (http://www.facebook.com/groups/metbuat.q.r/). Sonralar Qrup fəaliyyətini bir qədər genişləndirib: qarşıya Azərbaycan jurnalistlərinin mütəmadi olaraq bölgələrimizlə, eləcə də xarici ölkələrlə tanışlığı məqsədi qoyulub. Hazırda Qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 200-dən çox üzvü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti