...

Azərbaycan və İran film həftələrinin keçirilməsi təklif olunur

Mədəniyyət Materials 4 Dekabr 2014 13:33 (UTC +04:00)
İran ölkənin istənilən şəhərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinə lazimi şəraiti yaratmağa hazırdır.
Azərbaycan və İran film həftələrinin keçirilməsi təklif olunur

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İran ölkənin istənilən şəhərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinə lazimi şəraiti yaratmağa hazırdır. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkman deyib.

Ə.İbrahimi Türkman bildirib: "Azərbaycan bizim mədəniyyət sahəsində fəaliyyətimiz üçün lazımi şəraiti yaradıb və mən bunun üçün Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Azərbaycan və İran arasında mədəniyyət sahəsində əməkdaşlıq daha da genişlənərsə, iki ölkənin siyasi əlaqələri və digər sahələrdəki əməkdaşlıqları da inkişaf edəcək".

Onun sözlərinə görə, Azərbaycan və İran arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün heç bir maneə yoxdur: "Azərbaycan və İran arasında mədəniyyət sahəsində əməkdaşlıq yaxşı səviyyədədir, lakin bu əlaqələri daha da inkişaf etdirmək olar. Gələn ildən (İranda il martın 21-də dəyişir) Azərbaycan və İranda qarşılıqlı mədəniyyət günləri keçiriləcək".

Təşkilat rəhbəri iki ölkədə qarşılıqlı film həftələrinin keçirilməsini də təklif edib və bildirib ki, müxtəlif qarşılıqlı sərgilərin təşkili və iclaslarda iştirak əlaqələrin inkişafına kömək edər.

Ə.İbrahimi Türkman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını İrana səfərə dəvət etdiyini bildirib və deyib ki, M.Qurbanlının Tehrana səfəri zamanı iki ölkə din sahəsində əməkdaşlığın qarşılıqlı ehtiram prinsipləri əsasında daha da inkişaf etdirilməsi haqqında müzakirələri davam etdirəcək.

Onun sözlərinə görə, din sahəsində əməkdaşlığı artırmaq üçün iki ölkə arasında imzalanacaq protokolun hazırlanması üzrə iş aparılır: "Hazırda ekspertlər protokolun maddələrini müzakirə edir və hazırlayırlar. Cənab M.Qrubanlının Tehrana səfəri zamanı iki ölkə arasında əməkdaşlıq protokolu imzalanacaq. Əməkdaşlıq müxtəlif sahələri və məsələləri əhatə edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti