...

Londonda "Azərbaycan – fotoobyektivdə" adlı sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 2 Mart 2015 20:31 (UTC +04:00)
Azərbaycanın ev sahibliyi edəcəyi Birinci Avropa Oyunları Londonun nüfuzlu “OXO” Qalereyasında diqqət mərkəzində olub.
Londonda "Azərbaycan – fotoobyektivdə" adlı sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend/

Azərbaycanın ev sahibliyi edəcəyi Birinci Avropa Oyunları Londonun nüfuzlu "OXO" Qalereyasında diqqət mərkəzində olub.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, 27 fevral tarixində açılışı baş tutmuş "Azərbaycan - fotoobyektivdə" adlı sərgidə, eyniadlı idman fotomüsabiqəsində iştirak edən 10 ölkədən olan 50 fotoqrafın təqdim etdiyi 300 fotoşəkildən 65-i nümayişə çıxarılıb. Sərgi və müsabiqə Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin (AOTK) dəstəyi ilə TEAS tərəfindən təşkil olunub.

Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş "Azərbaycan - fotoobyektivdə" adlı fotomüsabiqənin nəticələri dekabrın əvvəlində elan olunub. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarına həsr olunmuşdu. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.

Birinci yeri təcrübəli azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfov "Şöhrətə doğru" adlı fotoşəklinə görə tutub. Burada o, bədii gimnastikanın yüksək atletizmə malik olmasını göstərməyə çalışıb. Dilavər iyirmi ilə yaxın müddətdə Azərbaycan Gənclər və İdman Nazirliyinin fotoqrafı vəzifəsində çalışıb.

İkinci yerə fransalı fotoqraf və videoqraf Pol Robion "İpanema - Rio de Janeyro" adlı fotoşəklinə görə sahib çıxıb. Bu fotoşəkildə xatirə oyadan, sepiya tonlu (ağ-qara) siluetlərlə Braziliyada futbolun həddindən artıq populyarlığı həkk olunub. Bu şəkildə, həmçinin Avropa Oyunları Rio-2016 Yay Olimpiya Oyunları ilə əlaqələndirilir.

Üçüncü yeri azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın "Yekun Təlimat" adlı fotoşəkli tutub. Bu şəkildə avtomobil yarışının əvvəlində gərgin anlar öz əksini tapıb.

Tədbirin açılış mərasimində çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin direktoru Laynel Zetter bildirib ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunları Azərbaycanın idman həyatında tarixi hadisə olacaq. Bu, Azərbaycan kimi gənc və dinamik ölkə üçün bu səviyyədə beynəlxalq idman yarışını təşkil etmək üçün ilk fürsətdir. L.Zetterin sözlərinə görə, Bakının Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir.

Məlumat üçün bildirək ki, münsiflər heyətinin tərkibinə tanınmış amerikalı fotojurnalist, "VII Foto" Agentliyinin təsisçilərindən biri və 2011-ci ildə "World Press Photo" müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların foto portretlərinin müəllifi kimi məşhurlaşan alman fotoqrafı Filip Ratmer və bir çox beynəlxalq mükafatlara layiq görülən azərbaycanlı fotoqraf Ə.Bağırzadə daxil idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti