...

Bakıda Tacikistan kinosu günləri keçirilir (FOTO)

Mədəniyyət Materials 11 Mart 2015 18:12 (UTC +04:00)
Martın 14-dək davam edəcək Tacikistan kinosu günləri çərçivəsində Nizami Kino Mərkəzində "Mən bir qıza rast gəldim", "Ağ sərçə", "Rüstəm və Zöhrab", "Müharibə dəhşətləri" və digər filmlər nümayiş olunacaq.
Bakıda Tacikistan kinosu günləri keçirilir (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Tacikistan kinosu günlərinin açılışı olub. Tədbir iki ölkə arasında mədəni əməkdaşlıq ənənələrini möhkəmləndirmək, kino sahəsində əlaqələri genişləndirmək məqsədilə keçirilir.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, açılış mərasimində çıxış edən əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev son illərdə Tacikistan kinosunun böyük inkişafa nail olduğunu vurğulayıb. Qeyd edib ki, kino günləri Azərbaycan və Tacikistan kinematoqrafçılarının əlaqələrinin gücləndirilməsində vacib addımdır.

Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov bu cür mədəni tədbirlərin keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa müsbət təsir göstərdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Tacikistan xalqlarını tarixi dostluq telləri, ortaq ənənələr və mənəvi dəyərlər bağlayır.

Sonra səhnəyə "Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmləri doktoru Sadullo Rəhimov, Tacikistanın xalq artisti Sayram İsayeva və aktyor Abdukarim Maşrabov çıxıblar. Qonaqlar ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə ediblər. Azərbaycan xalqının böyük mədəniyyətə və qonaqpərvərliyə malik olduğunu bildirərək ölkəmizin kino, teatr, ədəbiyyat, incəsənət sahəsində dünya mədəni irsinə töhfələr verdiyini vurğulayıblar.

Kino günlərinin açılışında tamaşaçılara N.Saidovun "Müəllim" bədii filmi təqdim olunub.

Martın 14-dək davam edəcək Tacikistan kinosu günləri çərçivəsində Nizami Kino Mərkəzində "Mən bir qıza rast gəldim", "Ağ sərçə", "Rüstəm və Zöhrab", "Müharibə dəhşətləri" və digər filmlər - ümumilikdə 5 bədii və 5 sənədli ekran əsəri nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti