...

Maqsud İbrahimbəyova "Şərəf" ordeni təqdim edilib (FOTO)

Mədəniyyət Materials 22 Yanvar 2016 15:49 (UTC +04:00)
Azərbaycan Prezidentinin sərəncamına əsasən Maqsud İbrahimbəyova “Şərəf” ordeni təqdim edilib.
Maqsud İbrahimbəyova "Şərəf" ordeni təqdim edilib (FOTO)

Bakı. Trend:

Yanvarın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin sərəncamına əsasən təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova "Şərəf" ordenini təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir M.İbrahimbəyovun yaşadığı evdə keçirilib.

Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə 7 may 2015-ci il tarixində Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov "Şərəf" ordeni ilə təltif edilib.

Ə.Qarayev M.İbrahmbəyovun Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. O, M.İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirib. Həmçinin yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırılıb.

M.İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, xalq yazıçısı M.İbrahimbəyov 1935-ci il mayın 11-də Bakıda anadan olub. O, 1976-cı ildə Azərbaycan Dövlət Mükafatı laueatı, 1979-cu ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, 1988-ci ildə Azərbaycan xalq yazıçısı, 1995-ci ildə "Şöhrət" və 2005-ci ildə "İstiqlal" ordenləri ilə təltif olunub.

Dünyanın və Azərbaycanın müxtəlif jurnallarında, o cümlədən, "Azərbaycan" "Drujba narodov", "Novıy mir", "Yunost", "Roman - qazeta", "Literaturnı Azerbaydjan" və başqalarında romanları, povestləri və hekayələri dərc olunub. Bu əsərlər sırasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskavetsə kim gedəcək?", "Ondan yaxşı qardaş yox idi", "Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu", "Axırı yaxşı qurtaran əhvalat" və başqalarını qeyd etmək olar. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunub.

M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib. Onlardan "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Yarımçıq qalmış serenada", "Truskavetsə kim gedəcək?", "Gözəl bir gündə" ("V odin prekrasnıy den"), "Sonuncu intervü", "Bayquş gəldi", "Qızıl reys", "Axırı yaxşı qurtaran əhvalat", "Bakı müharibə illərində" filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti