...

Bakıda “Zaman adlı qatar” filminin qala-gecəsi keçirildi – qırmızı xalı, alqışlar, göz yaşları... (FOTO)

Mədəniyyət Materials 9 Mart 2016 13:42 (UTC +04:00)
Bakıda “Nizami” Kino Mərkəzində Kənan Musayevin “Zaman adlı qatar” bədii filminin qala-gecəsi keçirilib.
Bakıda “Zaman adlı qatar” filminin qala-gecəsi keçirildi – qırmızı xalı, alqışlar, göz yaşları... (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Bakıda "Nizami" Kino Mərkəzində Kənan Musayevin "Zaman adlı qatar" bədii filminin qala-gecəsi keçirilib.

Premyera ərəfəsində filmin yaradıcı kollektivi qırmızı xalı üzərindən keçərək çoxsaylı qonaq və jurnalistlərin əhatəsinə düşüb. Çoxsaylı artist, bomond və yaradıcı ziyalı nümayəndələri, gənclər bayram gecəsinin qonaqları olublar. Filmin baş prodüseri Valeri İlişayev xüsusi olaraq premyera üçün Moskvadan gəlmişdi.

Bayram ab-havası uğurlu premyera olacağını vəd edirdi, belə də oldu. Axı filmdə Azərbaycan kinosunun korifeyləri Həmidə Ömərova və Ayaz Salayevdən başqa, Oksana Rəsulova, Vüsal Murtuzəliyev, Könül Nağıyeva, Murad Məmmədov, Suğra Bağırzadə, Şəhriyar Əbilov və digərləri çəkiliblər. Kiçik qız Zeynəb obrazını 8 yaşlı Ayan Babayeva canlandırıb. Üstəlik tanınmış rejissor A. Salayev ilk dəfə olaraq aktyor kimi debüt edib.

Ulduzlarla çoxsaylı müsahibə, foto və "selfi"dən sonra tamaşaçılar zala keçiblər. Açılışda tanınmış şoumen, televiziya aparacısı, keçmiş KVN-çi, Azərbaycanın əməkdar artisti Murad Dadaşov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik edib və yaradıcı kollektivi səhnəyə dəvət edib.

K. Musayev bildirib ki, film 2007-ci ildə Mərdəkanda baş vermiş real hadisələr əsasında çəkilib: "Film bütün analara həsr edilir və hər şeydən əvvəl ana sevgisinin dəyəri barədə danışır. Filmin şüarı - Analar qüvvətlidir! Həqiqətən də ananın öz övladına olan sevgisindən daha güclü və möhkəm nə ola bilər. Məhz buna görə də filmin premyerasını belə əlamətdar tarixə təyin etdik".

H. Ömərova, A. Salayev, O. Rəsulova, S. Bağırzadə və başqaları ümid etdiklərini bildiriblər ki, film tamaşaçıların xoşuna gələcək, müasir Azərbaycan kinematoqrafiyasının parlaq hadisəsi olacaq və ölkənin kino sənayesinin inkişafına öz töhfəsini verəcək. Həmçinin qeyd edilib ki, film Azərbaycanın xalq artisti İlham Əsgərovun son rolu olub.

Film tamaşaçılar üçün xoş yenilik olub, necə deyərlər ürəkdən çəkilib, əla ssenari və rejissor işi, aktyorların oyunu heç kəsi laqeyd qoya bilməzdi. Ayrı-ayrı epizodlar zamanı çoxları göz yaşlarını saxlaya bilməyib, tamaşaçılar hisslərinə hakim ola bilməyiblər, onlar filmin yaradıcı kollektivini gur alqışlarla və təbriklərlə qarşılayıblar. Premyera uğurlu alındı. Və indi martın 31-dən hər kəs şəhərin bütün kinoteatrlarında bu möhtəşəm filmə baxa biləcək.

Filmin süjeti: Bir-birini çox sevən gənc İradə və Fuad cütlüyü gözlənilməz bədbəxtliklə üzləşir. İradə ağır xəstəlikdən vəfat edir. Lakin onu 5 yaşlı qızı Zeynəb səbirsizliklə gözləyir... Fuadın anası Sənubər xanım və onun oğlu uşağa anasının artıq həyatda olmadığını izah etmək üçün hər şey edirlər, lakin kiçikyaşlı qız inanmır və anasını gözləməyə davam edir. Tamamilə təsadüfən Sənubər xanım lövhələrin birində vəfat edən gəlininə çox oxşayan parlamaqda olan ulduz Leylanı görür... Bəlkə də İradə bu dünyadan gedərkən öz əkizi Leylaya əsas xəzinəsi- sevmək bacarığını qoyub gedib... Bəlkə də Fuad və Leylanın xoşbəxt olmaq üçün şansları var, Zeynəb isə yenidən anasına qovuşa bilər?...

Filmin ideya müəllifi - Kənan Musayev, ssenari müəllifi - Nərgiz Bağırzadə, operator - Yura Varnovski, bəstəkar - İnarə Rəsulova, baş prodüser - Valeri İlişayevdir.

Təşkilati dəstək - KATV 1, Myvideo.az-a məxsusdur.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az və Azernews.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti