...

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Oktyabr 2016 11:37 (UTC +04:00)
18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 25-çi ildönümü münasibətilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində Kəlbəcər rayonu 23 saylı orta məktəbin şagirdləri ilə görüş keçirilib.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib   (FOTO)

Bakı. Trend:

18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 25-çi ildönümü münasibətilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində Kəlbəcər rayonu 23 saylı orta məktəbin şagirdləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, müstəqil Azərbaycanın vətəndaşı olan məktəblilərin müstəqillik tariximizlə bağlı daha da dərindən məlumatlandırılması məqsədilə keçirilən ilk seminarda İctimai Birliyin sədr müavini Həbib Misirov, 23 saylı Kəlbəcər rayon orta məktəbinin direktoru, əməkdar müəllim Mirsəyyaf Zamanlı və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov çıxış edərək Müstəqilliyimizin 25 ilində dövlətimizin qazandığı uğur və nailiyyətlər haqda danışıblar.

Natiqlər bildiriblər ki, Azərbaycan xalqı ötən əsrdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Əsrin əvvəllərində əldə edilmiş müstəqillik nəticəsində 1918-ci ildə xalqımız Şərqin ilk demokratik dövləti hesab olunan Azərbaycan Xalq Cümhuriyyətini yaradıb. Lakin o zaman mövcud olan xarici müdaxilə, daxili çəkişmələr, lazımi beynəlxalq təminatın olmaması üzündən bu dövlət cəmi iyirmi üç ay fəaliyyət göstərə bilib. Sonrakı dövrdə xalqımız dövlət müstəqilliyindən məhrum olsa da, öz iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirib, milli azadlıq, müstəqillik üçün zəruri olan ciddi əsaslar yaradıb. Əsrin sonunda beynəlxalq aləmdə və Sovetlər İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbinin dərinliklərində hifz etdiyi müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi.

1991-ci il oktyabrın 18-də respublika Ali Soveti Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Həmin ilin 30 dekabrında keçirilən ümumxalq səsverməsi – referendum bu sənədə hüquqi təminat verdi və Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 25 ildir ki, xalqımız müstəqil yaşayır. Bu müddətdə müstəqilliyimizi bütün dünya tanıyıb, ölkəmiz dövlətlərarası bərabərhüquqlu əlaqələrə qoşulub, beynəlxalq və bölgə təşkilatlarına üzv qəbul edilib. Bu illərdə müxtəlif daxili və xarici qüvvələrin müstəqilliyimizə qarşı ciddi təxribatlar törətməsinə və maneələr yaratmasına baxmayaraq dövlət müstəqilliyimiz qətiyyətlə qorunub və onun yaşaması üçün vacib olan bütün zəruri tədbirlər görülüb.

Ulu Öndər siyasətinin ləyaqətli şəkildə davam və inkişaf etdirən və müstəqil Azərbaycanı dünyada öz layiqli yerinə yüksəldən Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin həll edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, didərgin düşmüş vətəndaşlarımızın öz yurdlarına qaytarılması, respublikamızın iqtisadi tərəqqisinə nail olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, iqtisadi islahatların və demokratik proseslərin daha da dərinləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti