...

Elçin Əzizovun triumfu: Bakı səhnəsində atəşli ispan ehtirasları (FOTO)

Mədəniyyət Materials 14 Noyabr 2016 18:01 (UTC +04:00)
Bakıda opera incəsənəti pərəstişkarlarının çoxdan gözlədiyi hadisə baş verdi.
Elçin Əzizovun triumfu: Bakı səhnəsində atəşli ispan ehtirasları (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda opera incəsənəti pərəstişkarlarının çoxdan gözlədiyi hadisə baş verdi.

Trend-in məlumatına görə, Avropada ən çox tələb olunan opera müğənnilərindən biri, Vrotslavsk Opera Teatrının (Polşa) qabaqcıl solisti İrina Jitinska (Karmenin partiyası), Rusiyanın Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın əməkdar artisti Elçin Əzizov (Eskamilyonun partiyası), Ukrayna Milli Operasının qabaqcıl solisti, Ukraynanın xalq artisti Andrey Romanenkonun (Xozenin partiyası) iştirakı ilə Jorje Bizenin “Karmen” operası nümayiş etdirilib.

Şübhəsiz ki, bu parlaq üç vokalçıdan E.Əzizovun adı Bakı publikasına xüsusi ilə daha yaxındır. Onu sevirlər, doğma ölkəsində onunla fəxr edirlər, Rusiya, Polşa, Cənubi Koreya, Böyük Britaniya, Fransa və ABŞ-ın tanınmış zallarının səhnələrində çıxışları və uğurları barədə məlumatları diqqətlə izləyirlər.

E.Əzizov iki ildir Bakıda çıxış etmirdi və buna görə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Karmen”in nümayişi ətrafında görünməmiş ajiotaj var idi. Zalda boş yer tapmaq mümkün deyildi, qonaqlar arasında görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və əlbəttə ki, dostunu dəstəkləməyə gələn Şən və Hazırcavablar Klubunun əfsanəvi “Bakılı oğlanlar” komandasının iştirakçıları var idi.

İstisnasız bütün tamaşaçılar nümayişə sayılı dəqiqələrin qaldığına işarət edən üçüncü zəngi səbirsizliklə gözləyirdilər. Və budur musiqiçilər orkestr çuxurunda öz yerlərini tutdular, dirijor çubuğu beynəlxalq müsabiqələrin laureatı Eyyub Quliyevdədir, ilk akkordlar, pərdə qaldırıldı...

“Karmen” operasının şöhrət qazanacağını hələ 1880-ci illərdə rusiyalı bəstəkar Pyotr İlyiç Çaykovski qabaqcadan xəbər vermişdi: “Bizenin operası şedevrdir, bütün dövrün musiqi meyllərini güclü dərəcədə özündə əks etdirməyin nəsib olduğu azsaylı şeylərdən biridir. On ildən sonra “Karmen” dünyada ən populyar opera olacaq...”.

Həmin dövrdən bir əsrdən çox vaxt ötüb, opera isə bu günədək ən populyar teatr quruluşlarından biridir.

Quruluşdakı hadisələr XIX əsrdə İspaniyada cərəyan edir. Süjetin əsasında öz azadlığını hər şeydən üstün tutan gözəl qaraçı Karmen naminə fərari və qaçaqmalçı olan əsgər Xozenin qurbanlıq sevgisi dayanır. Toreador Eskamilyoya başı qarışan Karmen qısqanclığa görə Xoze tərəfindən öldürülür. Üç saat yarım davam edən tamaşa zamanı tamaşaçılar səhnədən gözlərini çəkməyərək baş verənləri izlədilər.

İ.Jitinska Karmen obrazında bənzərsiz idi. Onun sehrinə təkcə Xoze və Eskamilyo deyil, həm də bütün tamaşaçılar düşmüşdülər, təsadüfi deyil ki, o, Lissabonda (Portuqaliya) keçirilmiş beynəlxalq opera incəsənəti festivalında Karmen partiyasının ən yaxşı ifaçısı mükafatına layiq görülüb. Onun Karmeni dilxoşluq edir və aldadır, aşiq olur və üz döndərir, onun üçün kişilər dava edur və cinayət törədirlər. O, parlaq, temperamentli, cəsarətlidir, hamının üzərində hökmranlıq etməyə adət edib. Onun habanerası azad sevgi mahnısıdır, Xozeyə çağırış kimi səslənir, onun ayaqlarına atılan al qızılgül isə məhəbbət vəd edir.

Xoze obrazını canlandıran A. Romanenko Bakı publikasına yaxşı tanışdır, o, Azərbaycan teatr səhnəsində, o cümlədən “Karmen” quruluşunda bir neçə dəfə çıxış edib. Onun qəhrəmanı zərif Mikaela və ehtiraslı Karmen arasında parçalanır, o, iki reallıq – vəzifə və ehtiras - arasında balans qurur və yekunda həyəcanın artmasına tab gətirmir. Artist Xozenin xarakterini məharətlə ötürə bildi, o, quruluşun əvvəlində Mikaelaya vurulmuş cəsur əsgər, sonra isə Karmenə qarşı alovlu ehtirasla bürünmüş qaçaqmalçı və quldurdur.

Toreador Eskamilyonun səhnəyə çıxması tamaşaçıların gur alqışları ilə qarşılandı, onlar həmyerliləri E. Əzizovu belə qarşıladılar. Artistin ifasında Eskamilyo misilsiz – boy-buxunlu, mərd, iradəli – idi, o nə öküzlərlə döyüşdə, nə də sevgi cəbhəsində məğlub olmur. Xoze Karmenin ürəyi uğrunda döyüşdə Eskamilyoya uduzur. Güclü gözəl səsə, gözəl ifa texnikasına və parlaq akyor istedadına malik olan E. Əzizov həqiqətən də unudulmaz obraz ərsəyə gətirdi. Bakı publikası artistin ustalıq səviyyəsindən, səsindən və xarizmasından son dərəcə razı idi.

Azərbaycanın əməkdar artisti İnarə Babayevanın ifasında Mikaela obrazı ideal və çox təsirli alındı. O, əvvəlcə tamaşaçı qarşısında zərif qız kimi göründüyü halda, üçüncü pərdədə sevgilisinin arxasınca qayalara getməyə hazır olan cəsur qadındır.

Opera və balet teatrının qabaqcıl artistləri – Azərbaycanın xalq artisti Əli Əsgərov (Tsuniqonun partiyası), Gülnaz İsmayılova (Fraskitanın partiyası), Səbinə Əsədova (Mersedesin partiyası), solistlər Tural Ağasıyev (Dankaykonun partiyası) və Əliəhməd İbrahimov (Romendadonun partiyası) – quruluşda çox ahəngdar görünürdülər. Artistlərin güclü vokalı, orkestr və dirijorun ifaçılıq məharəti, parlaq geyimlər, rəngarəng dekorasiyalar, truppanın balet bölümünün iştirakı ilə alovlu rəqs nömrələri operanın nümayişini unudulmaz etdilər.

Publikanın tamaşaya reaksiyası coşqulu idi, nümayişdən sonra bir neçə dəqiqə ərzində gurultulu alqışlar vokalçıları səhnədə saxladı, zaldan isə “Bravo!”, “Afərin!” səsləri eşidilirdi. Alqışlar dayanmırdı, publika artisləri və xüsusilə E. Əzizovu buraxmaq istəmirdi. Onun üçün sonsuz dərəcədə fəxr edildiyi və hədsiz sevildiyi doğma torpaqda çıxış əsl triumf oldu.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti