...

Sofiyada "Azərbaycan muzeyləri. Muzeylər-mədəni turizmin cəlbedici obyektləri" konfransı keçirilib (FOTO)

Mədəniyyət Materials 30 Sentyabr 2017 14:35 (UTC +04:00)
Sofiyada “Azərbaycan muzeyləri. Muzeylər – mədəni turizmin cəlbedici obyektləri” mövzusunda konfrans keçirilib.
Sofiyada "Azərbaycan muzeyləri. Muzeylər-mədəni turizmin cəlbedici obyektləri" konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Sofiyada “Azərbaycan muzeyləri. Muzeylər – mədəni turizmin cəlbedici obyektləri” mövzusunda konfrans keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycan Xalça və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeylərinin 50 illik yubileylərinin qeyd olunması kontekstində Sofiya şəhərində Avropa Komissiyasının Bolqarıstandakı Nümayəndəliyinin “Avropa Evi” zalında “Azərbaycan muzeyləri. Muzeylər – mədəni turizmin cəlbedici obyektləri” mövzusunda konfrans təşkil olunub.

Konfrans Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstanın Mədəniyyət Nazirliyinin himayəsi altında Bolqarıstanın “199” Mədəniyyət Fondu ilə tərəfdaşlıqda keçirilib. Konfransda Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və muzey mütəxəssisləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstan Mədəniyyət Nazirliyinin Beynəlxalq və regional fəaliyyətlər Direktorluğunun direktoru Ventsislav Velev, Avropa Parlamentinin Bolqarıstandakı İnformasiya Bürosunun rəhbəri Teodor Stoyçev, Azərbaycan Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (İKOM) Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikova və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış ediblər.

N.Qurbanova muzeylərin xalqımızın maddi və mənəvi xəzinəsini təmsil və ölkəmizin yaxın və uzaq keçmişini canlı şəkildə təsvir etdiyini bildirmişdir. Ölkəmizdə 250-dən çox dövlət və özəl muzeylərin olduğunu vurğulayan səfir Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi, Qala Açıq səma altında Arxeoloji-Etnoqrafik Muzey, dünyada ilk olan Azərbaycan Xalça Muzeyi, “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Miniatür Kitablar Muzeyi və digərlərinin adlarını sadalayıb.

Mədəni turizmin əsas aparıcıları kimi, muzey və qalereyaların ölkənin turizm imicinin yaradılmasında əvəzedilməz rolu olduğunu söyləyən N.Qurbanova mədəni turizmin qlobal turizmin 40 faizini təşkil etdiyini vurğulayıb. O, YUNESKO-nun statistikasına əsasən, bütün dünyada muzeylərin sayında 1975-ci ildən indiyədək 22 000-dən 55 000-dək artım müşahidə olunduğu barədə məlumat verib. Konfrans iştirakçılarına Azərbaycan Xalça və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyləri barədə qısa məlumat verən səfir 1967-ci ildə yaradılan Xalça Muzeyinin dünyada ilk xalça muzeyi olduğunu, xalçaçılıq sənətinin Azərbaycanda qədim tarixə və güclü ənənələrə malik olduğunu, dünyaca məşhur Azərbaycan xalçalarının 2010-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirib.

Eyni zamanda, bu il 50 illik yubileyini qeyd edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyasına 55 000-dən artıq eksponatın daxil edildiyini, musiqimizin milli identikliyin vacib elementi olduğunu əlavə edib. Səfir Azərbaycan musiqi mədəniyyətinin 3 elementinin – muğam, aşıq sənəti və tar və onun ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edildiyi barədə məlumat veribr. N.Qurbanova həmçinin, Azərbaycan musiqisinin incisi olan muğamın balaban ifasında qızıl diskə yazılmış parçasının “Voyager” kosmik gəmisinin göyərtəsində fəzaya göndərilməsi barədə danışıb.

Avropa Parlamentinin Bolqarıstandakı İnformasiya Bürosunun rəhbəri T.Stoyçev muzeylər mövzusunda konfransın təşkilinin təqdirəlayiq hal olduğunu söyləyib. O deyib ki, Avropanın birləşməsi iqtisadi sahədən başlasa da, olduqca vacib olan mədəniyyət sahəsi bu prosesə böyük töhfə verib və Avropanın mühərrikinə çevrilib. Mədəni müxtəlifliyin insanları daha da yaxınlaşdırdığını, onları bir araya gətirdiyini deyən T.Stoyçev belə tədbirlərin rolunu yüksək qiymətləndirib və bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Bolqarıstan Mədəniyyət Nazirliyinin Beynəlxalq və regional fəaliyyətlər Direktorluğunun direktoru Ventsislav Velev mədəniyyət naziri Boil Banovun tədbir iştirakçılarına müraciətini çatdırıb. Müraciətdə cari ildə Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlər qurulmasının 25-ci ildönümünün qeyd edildiyi, ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyi, mədəniyyət sahəsinin ikitərəfli əməkdaşlıqda vacib element olduğu və mədəni dialoqun uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Azərbaycan Xalça Muzeyinin direktoru Ş.Məlikova rəhbərlik etdiyi muzeyin tarixi barədə məlumat verərək muzeyin dünyada xalçaçılıq sahəsində ilk ixtisaslaşmış muzey olduğunu bildirib, muzeyin yaradılmasında əvəzsiz rolu olmuş dünyaca məşhur olan xalçaçı-rəssam L.Kərimovun yaradıcılığı, 2014-cü ildən muzeyin bükülmüş xalça formasında olan yeni binasının istifadə verildiyi, Azərbaycanda Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça məktəblərinin olduğu, bu təsnifatın ilk dəfə L.Kərimov tərəfindən verildiyi barədə danışıb. Muzeyin fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə ətraflı məruzə ilə çıxış edən direktor cari ilin iyun ayında Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bolqarıstanın Etnoqrafiya Muzeyi ilə birgə “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” başlıqlı sərginin təşkil edildiyini xatırlayıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru A.Bayramova rəhbərlik etdiyi muzeyin yaradılması, tarixi, keçdiyi inkişaf yolu barədə məruzə ilə çıxış edib. Muzeyin məqsəd və vəzifələri barədə danışan direktor muzeyin zəngin kolleksiyaya malik olduğunu qeyd edib və muzeyin eksponatları barədə məlumat verib. O deyib ki, muzeydə Azərbaycan milli musiqi alətləri ilə yanaşı, milli musiqimizin banisi Üzeyir Hacıbəyov, digər görkəmli bəstəkarlar və musiqi xadimlərinin müxtəlif not yazmaları, şəxsi əşyaları, fotoşəkillər, təsviri sənət nümunələri və s nümayiş etdirilir. Muzeyin nəzdində Xalq çalğı alətləri daimi sərgisi, Niyazinin, Vaqif Mustafazadənin mənzil-muzeylərinin filiallarının olduğunu sadalayıb və açılması nəzərdə tutulan Qara Qarayevin mənzil-muzeyi barədə məlumat verib

Konfrans çərçiəsində Azərbaycan Xalça Muzeyinin direktoru Ş.Məlikova və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru A.Bayramova Bolqarıstan Milli Radiosunun türkdilli xidməti və “Фокус” radiosuna müsahibə veriblər. Müsahibədə bolqar ictimaiyyətinə Azərbaycan mədəniyyətinin bir hissəsi olan muzeylərimiz, onlarına tarixi, zəngin kolleksiyaları, eksponatların tarixi, muzeylər tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Konfrans Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb. Bu ölkənin aparıcı qəzetlərindən olan “Телеграф” qəzetində, “Фокус” Xəbər Agentliyi və Bolqarıstan Milli Radiosunun saytlarında konfrans barədə məqalələr yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti