Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Aşıq Ələsgərin saz-söz dünyası"adlı konsert keçirilib. Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" adlı möhtəşəm layihənin növbəti konsert-tamaşa təqdim edilib. "Aşıq sənətini bir dağa bənzətsək, haradan baxırsan bax, ancaq oradan yenə Ələsgər zirvəsi görünür".
Bu fikirlər XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur saz-söz ustalarından biri olan Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş "Ələsgərin saz-söz dünyası" adlı tədbirdə səsləndirilib.
Qeyd edək ki, layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir.
Aşıq Ələsgər XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb. O, Azərbaycanın məşhur saz-söz ustalarından biridir. Ustad aşıq bir çox lirik-fəlsəfi şeirlər müəllifi olmaqla bərabər, həm də gözəl saz ifaçısı idi, şeirlərinin çoxuna saz havalarını özü bəstələyir və onları çox məharətlə ifa edirdi. Aşıq Ələsgərin repertuarı klassik dastanlar və aşıq musiqilərindən ibarət idi. Bu dastanlarda və aşıq musiqilərində təbiət və qadın gözəllikləri vəsf olunurdu. Bir əsrdən artıq yaşamış Aşıq Ələsgər ömrünün 85 ilini yaradıcılıqla məşğul olmuş,bayramlarda və toy şənliklərində iştirak etmiş, xalq ilə birlikdə kədərlərini və sevinclərini bölüşmüş və minlərlə poeziya nümunəsi yaratmışdır.
Tədbirdə Aşıq Ələsgərin şeir və dastanları əsasında qurulmuş səhnələr təqdim olunub. Tamaşada Aşıq Əli Zeynalov, Aşıq Fidan Qurbanova, Aşıq Əfsanə Kərimova, Aşıq Nəbi Nağıyev, Aşıq Solmaz Kosayeva, Aşıq Azər Əliyev, Aşıq Sərdar Məmmədov, Aşıq Nazim Quliyev, Aşıq Təbriz Vəliyev, Aşıq Kərəm Vəliyev, Aşıq Vəli Paşayev, Aşıq Toğrul İbrahimov, Aşıq Altay Məmmədli iştirak edərək aşıq havalarından "Kərəm gözəlləməsi", "Aran gözəlləməsi", "Yanıq Kərəmi", "Göyçəgülü", "Qaraçı", "Cəlili", "Mirzəcanı", "Göyçə gözəlləməsi" ifa ediblər. Konsert-tamaşa aşıq musiqisini və poeziyasını sevənlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, layihə may ayınadək davam edəcək.