Bakı. Ceyhun Ələkbərov - Trend:
Masallının mərkəzində yerləşən tarixi hamam hazırda acınacaqlı vəziyyətdədir.
Trend-in məlumatına görə, şəhər hamamı kimi tanınan və 19-cu əsrə aid olduğu deyilən hamam məhv olmaq üzrədir. Tarixi abidələr siyahısına salınan şəhər hamamının ətrafı hasarlanıb, içərisi isə sakinlər tərəfindən zibilliyə çevrilib.
Masallı rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hamamın bərpası ilə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraicətlər edilsə də, nəticə əldə olunmayıb:
"Hamamda uzun zamandır ki, bərpa-təmir işləri aparılmadığından fiziki köhnəlməyə məruz qalıb. Şəhər hamamı tarixi abidələr siyahısına salınıb, bu səbəbdən İcra Hakimiyyəti təmir-bərpa üçün tikiliyə müdaxilə edə bilmir. Abidənin bərpası ilə bağlı 2016-cı ildə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəsmi müraciət olunub və cavab verilib ki, 2017-2020-ci illər ərzində bərpa işləri nəzərə alınacaq. Hazırda 2021-ci ildir, ancaq hamamda bərpa işləri görülməyib".
İcra hakimiyyətindən əlavə ediblər ki, hamamın tullantılardan təmizlənməsi üçün əraziyə briqada cəlb olunub, tez bir zamanda yaranan problem aradan qaldırılacaq.