...

YARAT Müasir İncəsənət Mərkəzində "MULTİPERSPEKTİVDƏ" türk rəssamların sərgisi açılır

Mədəniyyət Materials 29 Noyabr 2022 14:58 (UTC +04:00)
YARAT Müasir İncəsənət Mərkəzində "MULTİPERSPEKTİVDƏ" türk rəssamların sərgisi açılır

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə 17 rəssamın – Setenay Alpsoy, Selçuk Artut, Vahap Avşar, Osman Bozkurt, İpek Duben, Işıl Eğrikavuk və Jozef E. Amado, Nezaket Ekici, Cevdet Erek, Ahmet Rüstem Ekici və Hakan Sorar, Özlem Günyol və Mustafa Kunt, Hakan Gürsoytrak, Ali Kazma, Serhat Kiraz və Seyhun Topuz – yeni yaradılmış, həmçinin ən son illərin əsərlərindən ibarət “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir.

Bu gün sürətli urbanizasiyanı yaşayan dünyaya vertikal baxmaq nə məna kəsb edir? Yerin vertikal quruluşunu necə anlamaq olar? Son zamanlara qədər bizim dünyəvi biliklərimizdə üfüqi perspektiv üstünlük təşkil edirdi, ona görə də coğrafiya düz səthi xəritələrdə göstərilirdi. Geosiyasət anlayışı xəritələr və qlobuslar üzərində təşkil edilmiş ənənəvi milli dövlətlərə aiddir.

Müasir milli dövlətləri, coğrafi və geosiyasi elmləri formalaşdırmaq üçün xətti perspektiv zəruri idi. Coğrafiya və geosiyasət dövlətlərin üfüqi dünyagörüşündə regional güc və ərazi uğrunda necə mübarizə apardıqlarını izah edirdi. Belə bir perspektiv dünyanın üçölçülü quruluşunu nəzərə almır. İncəsənət, memarlıq və geologiyada bununla bağlı müzakirələr aparılsa da, gündəmdə hələ də xətti perspektiv mövzusu üstünlük təşkil edir.

İngilis coğrafiyaşünası Dorin Massi 1994-cü ildə yazırdı ki, “xəritədə sərhədlər yerləri müəyyən etmir”. Əslində, onlar “sosial münasibətlərdə və şəbəkələrin anlamasında ifadə olunan məqamlardır”. Çağımızda bu münasibətlərin əksəriyyəti kiçik yerlərdən keçir. “Multiperspektivdə” isə onların dünya miqyasında bir-biri ilə qarşılıqlı və vertikal şəkildə təşkil olunmuş əlaqələrinə əla nümunədir. Sərgi insan təcrübəsi ilə sıx şəkildə üst-üstə düşən material və coğrafi baxımından multiperspektiv formaları araşdırır. Vertikal və digər məkan metaforaları ünsiyyəti yenidən qurub yaratmaq üçün işləyir; vertikal birbaşa sosial həyatın fiziki təcrübəsindən irəli gəlir və insanların sosial və siyasi dünyanı necə qavramasına və formalaşmasına fəal təsir göstərir.

Konseptual olaraq, sərgi sürətlə urbanizasiyalaşan dünyamızın siyasi, sosial və şəhər mübarizəsini belə çoxölçülü və tənqidi perspektivdən təqdim edir. Sərgi bütün hadisə, mühit və dünyaları təsvir etmək, təcrübədən keçirmək və təhlil etmək, habelə bunun necə baş verdiyini problem kimi vurğulamaq üçün vertikal metaforalardan istifadə edir. Biz buna nail olduqda, bu, şəhərə, siyasətə, həyata və coğrafiyaya tənqidi, vertikal və həqiqətən də hərtərəfli baxışlarımızı inkişaf etdirərək “dünyanı yenidən görməyə” imkan verəcək.

Bu müxtəlif aspektlər və onlar arasındakı təzadlar, daha sonra film nümayişi, panel müzakirələri və mühazirələrdən ibarət geniş ictimai proqramda müzakirə olunacaq.

Sərginin kuratoru Fırat Arapoğludur.

Sərgi: Multiperspektivdə qrup sərgisi

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Sərginin tarixləri: 1 dekabr, 2022 – 30 aprel, 2023

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12:00 – 20:00

Giriş COVID pasportu ilədir

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər, ictimai proqramlar və təhsil layihələri həyata keçirir. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir və yerli və xarici mütəxəssislər, kuratorlar və rəssamlar ilə müntəzəm görüş və diskussiyalar keçirilir.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (“tərəqqi” mənasında) – yerli perspektivli incəsənət nümayəndələri və beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr keçirilir və gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti