Bakı. Trend:
Artıq üçüncü dəfədir ki, ölkəmizdə keçirilən Azərbaycan Vokalçıları Beynəlxalq Festivalı bu gün öz işinə start verib.
Trend xəbər verir ki, festivalın ilk günündə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Klassik vokal ifaçılığı və onun əsasları" adlı konfrans keçirilib.
Konfransda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramova, dünya şöhrətli opera ifaçısı, Xalq artisti, professor Xuraman Qasımova, Xalq artisti, bəstəkar, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Əlavə təhsil" şöbəsinin müdiri Nərgiz Hüseynova, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konsevatoriyasının "Milli vokal" kafedrasının baş müəllimi Zenfira İsmayılova çıxış ediblər.
Günün sonu Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının təntənəli açılış mərasimi Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında "Barokko axşamı" vokal-muğam xoreoqrafiya konserti ilə baş tutub. Festivalın açılışını elan edən festivalın ideya müəllifi, bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov layihənin gerçəkləşməsində ilk növbədə Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, dünya şöhrətli opera ifaçısı, Xalq artisti Yusif Eyvazova dərin təşəkkürünü bildirib.
Əməkdar artist yaradıcı ideyaların çox olduğunu və qayğı olmadığı halda onları realizə etməyin qeyri-mümkün olduğunu qeyd edib. Fürsətdən istifadə edərək bütün iştirakçılara, yaradıcı və texniki heyətə uğurlar arzulayıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.