Bakı. Trend:
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və
İrsi Fondu tərəfindən Azərbaycan və türkmən dillərində nəşr olunan
böyük türkmən şairi Məhdimqulu Fəraqinin “Aşiq olmuşam” şeirlər
kitabının təqdimat mərasimi keçirilib.
Trend TurkicWorld-ə istinadən
xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq,
böyük şair M.Fəraqinin 300 illik yubileyinin bu il Türk dünyasının
ayrılmaz parçası olan Türkmənistanda, türk ölkələrində və bütün
dünyada UNESCO tərəfindən geniş şəkildə qeyd olunduğunu
bilidirib.
“Türk Mədəniyyəti və İrsi Fondu da dahi şairin əziz xatirəsinə
dərin ehtiramını əlinizdə tutduğunuz bu kitabla izhar edir. Təəssüf
ki, bu kitabın nəşrini görkəmli türkoloq alim, nəşrin tərcüməçisi
Ramiz Əsgər görmədi. Mən onun ailəsinə bir daha dərin hüznlə
başsağlığı verirəm.
Beynəlxalq aləmdə nüfuz qazanmış Türk Mədəniyyəti və İrsi
Fondunun əsas missiyalarından biri də Türk dünyasının görkəmli
şəxsiyyətlərinin elminin, ədəbi yaradıcılığının təbliğidir.Bu yöndə
Fond “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk ədəbiyyatının
inciləri”, "Türk dünyasının elmi inciləri" adlı kitab seriyaları
təsis edib. M.Fəraqinin kitabı “Türk ədəbiyyatının inciləri”
seriyasından nəşr edilib. İnanıram ki, Azərbaycan və türkmən
dillərində nəşr olunan bu kitab türk xalqlarının daha da
yaxınlaşmasına töhfə verəcək”.
Aktotı Raimkulova M.Fəraqinin şeirlərinin türkmən ədəbiyyatının
incisi olduğunu qeyd edərək, şairin əsərlərinin həm türkmən, həm də
dünya ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. O, eyni
zamanda, bu cür tədbirlərin ədəbiyyatın və mədəni irsin tanınmasına
və yayılmasına töhfə verdiyini bildirib.
Sonra Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Qurbanməmmet Elyasov şairin yaradıcılığının
türkmən mədəniyyətindəki rolundan danışıb. Səfir Türkmənistan və
Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin daha da gücləndirilməsi
istiqamətində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən layihənin
həyata keçirilməsini yüksək qiymətləndirib.
Təqdimat mərasimində tanınmış Azərbaycanlı şair Fərid Hüseyn,
Azərbaycan və türkmən xalqları arasındakı ədəbi əlaqələrin
inkişafındakı xidmətlərinə görə Türkmənistanın qızıl medalına layiq
görülmüş türkoloq alim Firuzə Ağayeva, filoloq alim İsmixan Osmanlı
çıxış edərək Türk Dünyasının M.Fəraqi kimi ustadlarının
yaradıcılığının araşdırılması və tanıdılmasının əhəmiyyətindən,
eləcə də bu sahədə, türk dövlətləri arasında mədəni əlaqələrin
inkişafında Fondun körpü rolu oynadığını qeyd ediblər.
Tədbirdə ədəbiyyatşünaslar, şairin pərəstişkarları, jurnalistlər və
s. iştirak ediblər.
Tədbir, böyük şairin 300 illik yubileyinin geniş miqyasda qeyd
olunmasına töhfə verməklə yanaşı, eyni zamanda türk xalqları
arasındakı mənəvi və mədəni bağları gücləndirmək üçün atılan önəmli
bir addım oldu.