Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı oktyabrın 27-də Neftçala rayonunun Qaraqaşlı, Cəngən, Beşdəli, Şorkənd kəndlərinin seçiciləri ilə görüş keçirib.
Ana Vətən Partiyasının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çoxsaylı seçicinin iştirakı ilə keçirilən görüşü F.Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə vurğulanıb ki, F.Ağamalı Milli Məclisin deputatı kimi işlədiyi müddət ərzində qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.
Kənd ağsaqqallarından Rəhim Həsənov, İlham Əsədli, kənd ziyalısı Şərəbanı Ağalarova çıxış edərərək, Cəngən kəndində qaz təminatı, idman meydançasının salınması, yol probleminin həlli, mövcud olan orta məktəblərin təmiri ilə bağlı məsələ qaldırıblar.
Görüş iştirakçıları bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.
Görüşdə iştirak edən Cəngən kənd sakini, 7 yaşlı məktəbli Fəxrəddin Əhmədov da F.Ağamalıya arzu və istəklərini çatdırıb.
F.Ağamalı noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə qələbə əldə edərsə, qaldırılan problemlərin həllinə nail olmaq üçün bütün imkanlarından istifadə edəcəyinə söz verib.
Görüşdə F.Ağamalının vəkili Xidmət Orucov da iştirak edib.