Bakı. İlhamə İsabalayeva - Trend:
Şirvan Milli Parkının ərazisinə daxil olaraq ceyran ovlayan 3 nəfər şəxs parkın mühafizə işçiləri tərəfindən saxlanılıb.
Şirvan Milli Parkının direktoru Arzu Mustafayev Trend-ə bildirib ki, parkın cənub hissəsində bir baş ceyranın brakonyerlər tərəfindən ovlanması ilə bağlı daxil olan operativ məlumat əsasında milli park əməkdaşlarından ibarət qruplar qanun pozucularının izinə düşüb.
Təqibdən yayınmaq məqsədilə özlərini ərazidəki cənub kollektoruna atan brakonyerlər üzərək parkın digər hissəsinə keçib. Lakin onlar, xidməti vəzifələrini yerinə yetirən milli parkın çevik qrupuna müqavimət göstərməyə çalışsalar da yaxalanıb və brakonyerlərin hər üçünün şəxsiyyəti müəyyən edilib. Araşdırma zamanı brakonyerlərin Həsənov Natiq Namik oğlu, Məhəmmədzadə İsmət Fikrət oğlu, Əsədov Rəşad Sücəddin oğlu olduğu məlum olub.
Zəruri ilkin sənədləşmə işləri aparılaraq, barələrində lazımi hüquqi hərəkətlərin görülməsi məqsədilə brakonyerlər Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.