...

Süd məhsulları müəssisəsində nöqsanlar aşkarlanıb (FOTO)

Gündəm Materials 21 May 2021 12:54 (UTC +04:00)
Süd məhsulları müəssisəsində nöqsanlar aşkarlanıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Masallı rayonu, Çaxırlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Bağırov Rüfət Ramiz oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə Trend-ə qurumdan bildiriblər. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı aşkar olunub. Eyni zamanda müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Antisanitar vəziyyətdə heç bir normativ sənədin tələblərinə cavab verməyən müəssisədə istehlak üçün yararsız 400 litr süd, 30 kq qaymaq, 20 kq pendir məhsulu qanunvericiliyə uyğun olaraq məhv edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə süd məhsullarının istehsalının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti