Bakı. Samir Əli - Trend:
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri, hazırda həbsdə olan Rasim Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlər dindirilib.
Bakı şəhərinin baş memarı Akif Abdullayev bildirib ki, birinci instansiya məhkəməsində verdiyi ifadə dəyişdirilib: "Rasim Quliyevin bu işdə heç bir günahı yoxdur. O, vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətindəki bütün layihələr hazır idi. Rasim Quliyevdə heç bir möhür olması barədə məlumatım yoxdur, o, bizim işimizə heç bir halda nəzarət etmək səlahiyyətində deyildi".
Daha sonra prosesdə ifadə verən "FF-2011" şirkətinin rəhbəri Tamella İbrahimova isə bildirib ki, o, ərazidə tikinti aparmaq üçün Rasim Quliyevin sərəncamına qədər tikinti sənədlərini həll edib: "Biz Rasim Quliyevin sərəncamına qədər bütün işləri həll etmişdik. Tikintiyə sərəncamı da almışdım, tikinti nişanını da. Rasim Quliyevin sərəncamının mənə heç bir aidiyyəti yox idi. Rasim Quliyev sərəncam verənə qədər biz binanına 4 mərtəbəsini tikmişdik".
Proses martın 16-da davam edəcək.
Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Quliyev 3 il azadlıqdan məhrum edilib.