...

Bir şəklin tarixçəsi - Xocalıda sonuncu toyun gəlini həmin gündən danışdı (FOTO)

Gündəm Materials 26 Fevral 2022 18:16 (UTC +04:00)
Bir şəklin tarixçəsi - Xocalıda sonuncu toyun gəlini həmin gündən danışdı (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Xocalı faciəsi Azərbaycan xalqının qanla yazılmış ürək parçalayan bir səhifəsidir. Bu faciəni törətməklə, qəddar ermənilər neçə-neçə ömürləri yarıda qoydular. Xocalıda qanlı faciə yüzlərlə gəncin xoşbəxtliyini əlindən alıb onları öz doğma yurdlarından didərgin saldı.

Yenicə toy edib ailə həyatının sevincini dadmamış, gözəl arzuları darmadağın olmuş gənc ailələrdən biri də Dürdanə ilə Vasif Qafarovun ailəsi oldu. Bu gənclərin toyu Xocalıda baş tutan son toy oldu.

Dürdanə xanım Trend-ə müsahibəsində həmin illəri ürək ağrısı ilə belə xatırlayır:

"Hamımızın dinc həyatı pozulmuşdu. Çox narahat və həyacanlı günlər yaşayırdıq. Xocalıda döyüşlər gedirdi. Həyat yoldaşım Vasif döyüşdüyünə görə günlərlə evə gələ bilmirdi.1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı işğal olundu. Biz doğma yurdumuzdan didərgin düşməyə məcbur olduq.

Biz 1991-ci il yanvarında el adəti ilə nişanlandıq. Valideynlərimiz bir neçə dəfə toyumuzun keçirilməsini planlaşdırsalar da, Xocalıda vəziyyətin pisləşməsi buna imkan vermədi. Nəhayət, 1992-ci il yanvarın 18-də bu toy keçirildi. Bizdən əvvəl 5-6 ay öncə Xocalıda toy olmuşdu. Sonuncu toy bizim oldu. Şəhərdə ermənilərin hücum ehtimalına görə, işıq yandırılmırdı. Toy mağarına işıq generatorla verilmişdi. Toy təhlükəsizliyə görə tez bitdi.

Toyumuzdan üç ay keçmişdi. Toyumuzdakı şəkilləri çəkən Əliş dayı bizə gəldi. O toyumuzdan çəkilən bəzi şəkilləri bizə çatdırdı. Bu şəkillər Xocalıdan qalan son kövrək xatirələr oldu. Şəkildə əlində boşqab olan yoldaşımın əmisi qızıdır - adaşım Dürdanə Ağayeva. Həmin xanımın ermənilər tərəfindən öldürüldüyü deyilsə də, həmin qadın 8 gün erməni əsirliyində qalıb. Əsirlikdən qayıtdıqdan sonra başına gələn müsibətlərə bağlı bir neçə kitab yazıb. Şəkildə mənim solumda olan Əliyar adlı oğlan isə iki qardaşı ilə birlikdə itkin düşüb. Sağdakı Elşən adlı oğlan isə onların əmisi oğlu idi. Çox təəssüflər olsun ki, Elşən də itkin düşdü. Əlimdən tutan qadın mənim bibimdir. Biz Xocalını tərk edəndə o da bizimlə idi.

1992-ci ildən həyat yoldaşım Qarabağ müharibəsi iştirakçısı, ikinci qrup əlil olan Vasif Qafarovla və yeganə qızımla Bakı şəhərində yaşayırıq.
Mənim ən gözəl arzularım qəlbimdə, xoş günlərim isə Xocalıda qaldı. Bir ana kimi çox arzulayıram ki, qızım xoşbəxt olsun və mənim həyata keçməmiş arzularım onun həyatında çiçək açsın".

Dürdanə xanım onu da qeyd edib ki, bu gün həmin insanların ruhunu həm də bir qalib xalqın nümayəndəsi kimi anır.

"Artıq özümüzdə təsəlli tapırıq ki, həmin insanların ruhu şaddır, Vətən müharibəsində qələbəmiz həmin insanların narahat ruhlarına da bir rahatlıq gətirib. Biz artıq Xocalı qurbanlarının ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti