Bakı. Samir Əli -Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə ifadə verən zərərçəkmiş Aslan Qəhrəmanov bildirib ki, Maqsud Mahmudov ondan 650 min manatdan artıq pul alıb.
"Dostum 120 min dollar dəyərində Mercedes S klas götürmüşdü. Maqsud bir dəfə dedi ki, mənə təcili pul lazımdı. Axşam dostlarımla birlikdə gəldik restorana, orada söhbət elədik. Mənə dedi ki, obyektini ver, 500 min manata satım. Mən razılaşmadım. Maqsud ağladı. Sonra məni yola gətirib obyektimi 310 min dollara satdılar. Alqı-satqı etdik. Alan vətəndaşlar bank vasitəsilə pulu ödədi. Maqsud həmin pulu da götürdü, dostumun da maşınını satdı, o pulu da götürdü. Mən ona dost kimi köməklik etmişəm. Sonradan Maqsud qaçdı, getdi. Hər dəfə Ukraynadan zəng edirdi ki, gəlib sənin pulunu verəcəm. Mən də inandım. İnanmazdım ki, mənim evimdə çörək kəsən, anama ana deyən adam mənə pul atar. İstintaq müddətində bəzi söhbətlər açıldı ki, Maqsud mənə pulu atıb.
İstintaqda deyib ki, mənə pul verməyəcək. Ümumilkdə, danışıq olmuşdu ki, mənə 500 min manat borcludur. Amma mən ona dollarla vermişdim pulu, onda da dollar 1.05 manat idi. Sonradan dollar da bahalaşdı. Ümumilikdə, 615 min manat alıb. Amma mən həmin obyektin arendası ilə dolanırdım. Həmin vaxtdan arenda da almıram. Maqsud kimə nə borcludur, özü bilər. Maqsud, mənim pulumu verməsən, nəslini qıracağam", - deyə zərərçəkmiş bildirib.