Bakı. Trend:
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xəttil ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir.
Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib.
"Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcə də, iki çörək dolu maşın Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndiyə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".
Mərkəz rəisi qeyd edib ki, Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstək veriləcək.
"Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq", - deyə M.Feyziyev qeyd edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirildi. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.
Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.