Ağdam. Trend:
Ermənilər Qarabağda mərhələli mina basdırılmasından istifadə ediblər.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu ANAMA metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov bugün işğaldan azad edilmiş Ağdam şəhərində keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumda deyib.
A.Aslanov bildirib ki, ərazilərin təmizlənməsi istiqamətində aparılan işlər zamanı ən çox rast gəlinən mərhələli mina basdırılması üsulundan istifadə edilməsidir.
"Belə ki, təmizləmə əməliyyatı aparılan hər bir yerdə, xüsusilə "Zəfər yolu" və digər kommunikasiya xəttlərinin keçdiyi yerlərin təmizlənməsi zamanı, bu cür hallara daha çox rast gəlinir. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində aparılan işlərin çox vaxt sərf edilməsinə əsas məqsədi də basdırılan minaların bir neçə mərhələdən ibarət olmasıdır.
Bu cür halların qarşıya çıxması insanların həyatı üçün ciddi təhlükə yaradır", - deyə A.Aslanov əlavə edib.
Həmçinin Adil Aslanov qarşıya çıxan problemin çətinliyinə baxmayaraq ərazilərin tam təmizlənməsi yolunda daha ciddi çalışdıqlarını bildirib.
Xatırladaq ki, bu gün Ağdamda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum keçirilir.