Bakı. Trend:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 27 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Səbail rayonu Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlanılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Bildirilib ki, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılması ikinci belə özbaşınalıqdır. Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınmışdı.
Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.
Əlavə edilib ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir.
Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir.