Bakı. Trend:
Hazırda "Birbank" təqaüd proqramı davam etməkdədir. Müxtəlif ali məktəblərin tələbəsi olan 15 gəncimiz həm bizim bankımızdan təqaüd alır, həm də fərqli inkişaf proqramlarında iştirak edə bilirlər.
Trend xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə baş inzibatçı
Fərqanə Məmmədova “Dəyişiklik səndən başlayır! Ümumtəhsil məktəblərində bullinqlə mübarizə” adlı layihənin təqdimat mərasimində deyib.
O xatırladıb ki, artıq uzun müddətdir, ali məktəblərdə Kapital Bank və Birbank otaqları yaradılıb və onlar hər səviyyədə təchiz edilib:
"Hətta öz əməkdaşlarımız müəyyən bank işinə aid müəyyən mövzuları universitetlərdə tələbələrə tədris edirlər. Hazırda "Birbank" təqaüd proqramı davam etməkdədir. Müxtəlif ali məktəblərin tələbəsi olan 15 gəncimiz həm bizim bankımızdan təqaüd alır, həm də fərqli inkişaf proqramlarında iştirak edə bilirlər. Biz innovasiyaya dəstək verən qurumuq. Özümüz də bu innovasiyaları etməyi sevirik. Eyni zamanda Azərbaycanda da bu dəstəyi veririk".
"Cəmiyyətimizdə bəzən problemə çevrilə biləcək məsələlər var ki, onları öncədən görmək, bəzi kateqoriyadan olan insanları maarifləndirməklə problemlərin qabaqlanmasını əvvəlcədən həyata keçirə bilərik. Bullinqə qarşı mübarizə layihəsi ilə biz düşünürük ki, Azərbaycanda ümumtəhsil orta məktəblərə yeni biliklər, yeni metodika, yeni davranış modeli gətirə bilərik. Əsas hədəfimiz də budur. Burada cəmiyyətin hər bir üzvünün bir məsuliyyəti var", - deyə bank rəsmisi qeyd edib.