Bakı. Trend:
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 2026-2027-ci tədris ilində Çində təqaüdlə təhsil almaq istəyənlərlə bağlı yekun qərar 2026-cı ilin iyul ayında veriləcək.
Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi, Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı bildirib.
Onun sözlərinə görə, təqaüd proqramına müraciət etmək istəyənlər 3 universitet qeyd edə bilər:
“Müraciət etmək istəyən şəxslərin ixtisaslardan asılı olaraq DİM
balları 350 və 450 olmalıdır. Magistr və doktorantura səviyyəsi
üzrə təhsil almaq istəyənlərin isə ÜOMG (ümumi orta müvəffəqiyyət
göstəricisi) 100 baldan ən az 70 olmalıdır. Eyni zamanda, bu
şəxslər ölkədə təhsilin 50 faizini tamamlamamış olmalıdırlar.
Bakalavr təhsili yalnız Çin dilindədir. Magsitr və doktorantura
üzrə isə ingilis dilində təhsil imkanı var. Çin tərəfi ingilis dili
üzrə “Duolingo” dil sertifikatını qəbul etmir, yalnız İELTS və
TOFEL sertifikatları təqdim edilməlidir”.
Çində təqaüdlə təhsilə müraciət üçün isə bu sənədlər tələb
olunur:
- CV
- Motivasiya məktubu
- Çin dili sertifikatı (bakalavrlar üçün)
- İELTS və ya TOFEL sertifikatı
- Təhsil sənədləri
- Tibbi arayış (Çin tərəfindən təqdim olunan)
- Hərbi bilet
- 2 ədəd Tövsiyyə məktubu
- 18 yaşı tamam olmamış şəxslər üçün Çindən qəyyumluqla bağlı sənəd
və valideynlərin notarial təsdiq edilmiş razılıq sənədi.
